Ana səhifə Məqalələr Böyrəküstü vəzi xəstəlikləri

Böyrəküstü vəzi xəstəlikləri

Böyrəküstü vəzilər cüt orqan olub hər iki böyrəklərimizin üstündə yerləşirlər. Hər vəzin ağırlığı təxminən 4 qram-dır. Embrioloji, histoloji və funksional olaraq bir-birindən fərqli iki fərqli qisimdən ibarətdir. Vəzin 90% -ni onu əhatə edən qabıq maddə və az bir qismini isə mərkəzdə yer alan beyin maddəsi təşkil edir. Onların istehsal etdikləri hormonlar və uyğun olaraq xəstəlikləri də fərqli olur. Böyrəküstü vəzin qabıq maddəsi (adrenal korteks) üçqatlı olub müxtəlif hormonlar istehsal edir. Bu hormonlar xolesterin mənşəli olub, steroid tərkiblidir. Aldosteron, kortizol, cinsi hormonlar (androgenlər) bu qatın əsas hormonları sayılır. Beyin maddədən isə (adrenal medulla) amin turşu olan tirozindən sintez edilən adrenalin (epinefrin), noradrenalin (norepinefrin) hormonları istehsal olunur ki, bunlara da tibbi dildə katexolaminlər deyilir.

Böyrəküstü vəzin xəstəlikləri tireoid və endokrin pankreas (mədəaltı vəzi) xəstəliklərinə nisbətən az rast gəlinsə də, daha şiddətli olub, mütləq şəkildə müalicə tələb edir. Vəzin xəstəlikləri adətən hormon çatışmazlığı və ya artıqlığı yaradan adenomlara əlaqəli  olaraq qarşımıza çıxır. Adətən vəzin beyin maddəsinin hipofunksiyası olmur. Ona görə ki, digər toxuma və orqanlardakı (məsələn, dalaqda, qaraciyərdə, simpatik sinir sistemində, aortada) spesifik hüceyrələr bu hormonları sintez edərək bu patoloji halı aradan qaldırırlar. Qabıq maddə hormonlarının çatışmazlığı isə həm hipofiz vəzin hipofunksiyası ilə, həm də vəzin özü ilə əlaqəli olaraq meydana gəlir. Aldosteron çatışmazlığından daha çox qlükokortikoid adlandırdığımız başda kortizol çatışmazlığı səbəbindən yaranan Addison xəstəliyi endokrinoloqların tez-tez qarşılaşdığı xəstəliklərdəndir.

Paylaş:
Həkimə ehtiyac var?