Ana səhifə Diabet Diabet xəstələri üçün idman nə qədər əhəmiyyətlidir?

Diabet xəstələri üçün idman nə qədər əhəmiyyətlidir?

Şəkərli diabetin müalicəsində: qidalanma rejimi, dərman müalicəsi  və idman (fiziki aktivlik) ayrılmaz triadadır. İdman ən azı qidalanma və dərman müalicəsi qədər vacibdir. Xüsusilə, tip 2 diabetli xəstələrdə fiziki aktivliyin artırılması şəkərin hüceyrələr tərəfindən mənimsənilməsini sürətləndirir və qanda şəkərin miqdarının azalmasına müsbət təsir göstərir.

 

İdmanın faydaları nələrdir?

– Qanda şəkərin səviyyəsini  və insulin ehtiyacını azaldır;
– Bədən çəkisinin və qan şəkərinin azalmasına kömək edir;
– Ürək-damar sisteminin daha yaxşı işləməsini təmin edir;
– Əzələləri və oynaqları qüvvətləndirir;
– Qandakı yağları (xolesterin və triqliserid) normada saxlamağa kömək edir;
– Özünüzü daha yaxşı hiss etməyinizə kömək edir, özünüzə inam hissi artır.

 

Mənə hansı idman növünün faydalı olacağını necə bilim?

Bir idman proqramına başlamazdan əvvəl mütləq idmanın müddəti və növü haqqında həkiminizlə məsləhətləşin. Əks təqdirdə ürək-damar xəstəliyiniz varsa, özünüz də bilmədən idman zamanı ağırlaşa bilər. Əgər  diabet və ya digər xəstəliklər səbəbi ilə problemləriniz ortaya çıxıbsa, bəzi idman növləri sizin üçün zərərli ola bilər. Diabetinizi nəzarət altında saxlayırsınızsa və ağırlaşmalarınız yoxdursa, diabeti olmayan insanlarla eyni fiziki aktivliyi yerinə yetirə bilərsiniz. Lakin unutmayın ki, bu aktivlik qanda şəkər miqdarına təsirsiz ötüşmür. Bu təsirin miqyası idmanın dərəcəsinə və müddətinə bağlı olub şəxsə görə dəyişir.

İdmandan əvvəl qan şəkəriniz düzgün ölçülməlidir. Sidiyinizdə keton varsa və qanda şəkəriniz  250 mq/dl-dən yüksəkdirsə, idman etməyin. Bu cür hallarda insulinə ehtiyac yarana bilər. İnsulin çatışmazlığı səbəbindən qaraciyəriniz bədəni enerji ilə təmin etmək üçün qan şəkərinizi artırmağa çalışacaq və yağlar ketona çevrildiyindən əzələləriniz şəkəri lazımi effektivliklə istifadə edə bilməyəcək. Bu zaman əlavə insulin tələb olunduğundan qan şəkərinin normala qayıtmasını və sidikdə ketonların yoxa çıxmasını gözləyin və bu dövrdə idman etməyin.

İdmana başlamazdan əvvəl nəyə diqqət etməliyəm?

İdmana başlamazdan əvvəl, idman vaxtı və sonra qan şəkərinizi ölçün.
İdman vaxtı məşq etdirəcəyiniz nahiyənizə insulin inyeksiyası etməyin. Məsələn, velosipedə minəcəksizsə ayağınıza, üzəcəksinizsə qolunuza insulin vurmayın.
İnsulin idmandan sonra daha tez sorularaq hipoqlisemiya yarada bilər. İdman etməyi planlayırsınızsa, yeməkdən sonrakı bir neçə saat ərzində edin. Yox, əgər yeməkdən əvvəl edəcəksinizsə, karbohidratlı yemək qəbul etməklə hipoqlisemiya riskinin qarşısını ala bilərsiniz.
İdmandan sonra əzələlərin insulinə həssaslığı artır. Bu zaman inyeksiya edilən insulinin təsiri daha tez özünü göstərməyə başlayır və qanda şəkər miqdarı azalır. Belə bir halla qarşılaşsanız, həkimə müraciət edin. İnsulin dozanız və ya vaxtının dəyişdirilməsi lazım gələ bilər.
Əgər artıq çəkidən azad olmaq üçün idman edirsinizsə, idman əvvəl karbohidrat qəbul etmək əvəzinə insulin dozasını azalda bilərsiniz.

 

Şəkərli diabetdə idmanın faydaları nələrdir?

İdman əzələlərin qlükozanı daha yaxşı mənimsəməsinə və hüceyrələrin insulinin təsirlərinə daha həssas vəziyyətə gəlməsinə kömək etməklə qanda şəkəri aşağı salır.
Əgər çəki artıqlığı varsa, orta dərəcəli idman kalori yandırılmasına kömək etməklə çəkini azaldır. Müntəzəm edildiyində lipid profilini və yüksək qan təzyiqini normallaşdıraraq ürək-damar xəstəliklərinə müsbət təsir göstərir. İdman stresi azaldır və şəxsin özünü yaxşı hiss etməsini təmin edir.
İdmandan sonra qan şəkərini ölçmək çox vacibdir. Əgər göstəricilər normal və ya aşağıdırsa, bir az daha artıq yemək yeməlisiniz. Unutmayın, ağır idmandan bir neçə saat sonra da hipoqlisemiya əmələ gələ bilər. Əgər axşam saatlarında idman edirsinizsə, hipoqlisemiya gecə də əmələ gələ bilər. Bu halda gecə yatmazdan qabaq mütləq ara yemək qəbul etmək lazımdır.

İdmandan sonra:
– Qan şəkərinizi ölçün;
– Bir az daha artıq yeyə bilərsiniz;
– Gecə boyu ortaya çıxa bilən hipoqlisemiyanın qarşısını almağa çalışın.

 

Şəkərli diabetdə idman zamanı nələrə diqqət etmək lazımdır?

Uzun müddət idman etməyi planlayırsınızsa, daha az insulin qəbul etməli və daha çox yemək yeməlisinz. Bunu necə edəcəyinizi həkiminizdən soruşa bilərsiniz. Karbohidtrat ehtiyacını ödəmək üçün meyvə şirələri və ya yüngül şəkərli içkilər yaxşı alternativ ola bilər. Bunun sayəsində həmçinin su ehtiyacınızı da ödəyə bilərsiniz.
– Yanınızda mütləq bir qənd parçası və ya meyvə şirəsi saxlayın;
– “Diabet xəstəsiyəm” kartınız həmişə üstünüzdə olsun;
– Bir yerdə idman etdiyiniz dostlarınıza diabetiniz olduğunu deyin;
– Köməyə ehtiyacınız olduqda dostlarınıza nə etmələri olduqlarını izah edin (məsələn, Glukaqon vurmağı öyrədin).

 

Təhlükəsiz idman ilə əlaqədar diabetlilərə məsləhət:

– Hər hansı bir idman proqramına başlamazdan əvvəl həkiminizlə görüşün;
– Məsləhət olunan idman rejimi həftədə 3-4 dəfə ən az 30 dəqiqədir;
– Hipoqlisemiyadan qaçmaq üçün üstünüzdə şəkərli içki ya da 2-3 ədəd qənd parçası (15 qr karbohidrat – tərkibli) gəzdirin;
– Rahat, ayağınıza uyğun idman ayaqqabısı və pambıq corab geyinin;
– Hipoqlisemiya baxımından ehtiyatlı olun. İdmanın əvvəlində və 1 saatdan uzun davam edərsə, idman zamanı qan şəkərinizi ölçün.
– Məşq elətdirdiyiniz nahiyəyə insulin inyeksiyası etməkdən çəkinin;
– Əgər sinədə ağrı ya da nəfəs daralması əmələ gəlirsə, həkiminizə xəbər verin;
– Hər zaman bol su için.

Paylaş:
Həkimə ehtiyac var?