Hər kəsin arzusu sağlam olmaq, həkimə və dərmana ehtiyac duymadan yaşamaqdır. Sağlam yaşamağın sirri sağlam həyat tərzindədir. Sağlam olmaq və düzgün həyat tərzi keçirmək hər bir insanın arzusu olsa da, çox təəsüf ki, onlar bunu vaxtında başa düşmür və sağlamlığı itirəndən sonra onu bərpa etmək fikrinə düşürlər. Bu isə çox çətin və bəzən isə mümkünsüz olur. İnsanlara elə gəlir ki, sağlamlığı qorumaq onun yox, cəmiyyətin, həkimlərin, ictimai quruluşun, dövlətin və ya başqa kiminsə borcudur. Hər bir şəxs öz sağlamlığını özü düşünməli, necə deyərlər, özü-özünün həkimi olmalıdır.
Özünüzə sual verin; keçirdiyiniz həyat tərzini sağlam adlandırmaq olarmı? Həyat tərzini sağlam etməyin bir çox üsulu var. Bunların ən vacibləri və əsaslarının başında düzgün və təbii qidalanma gəlir. Burada məqsəd orqanizmi çirkləndirməmək, yararsız qida məhsullarının və konservantların orqanizmə daxil olmasına yol verməməkdir! “Ölü qidalar” adlandırdığımız – qənd, kofe, şirniyyatlar, şokolad, xörək duzu, kolbasa, sosis və digər sənaye üsulu ilə hazırlanmış və konservləşdirilmiş məhsullardan, siqaret və spirtli içkilərdən imtina etmək lazımdır.
Orqanizm üçün çox zərərli olan xörək duzunun qəbulunu, xüsusən, hipertoniya xəstəliyindən əziyyət çəkənlər minimuma endirməlidirlər. Hər dəfə yemək yeyərkən masamızın üstündə göyərti, müxtəlif meyvə-tərəvəzlər və digər təbii məhsulların (bal, limon, xurma və.s.) olması zəruridir. Bol maye qəbulu, xüsusən adi su içilməsi orqanizm üçün çox vacibdir. Hər bir sağlam insan gün ərzində azı iki litr təmiz su içməlidir. Su içən zaman dəri təravətli qalır, vaxtından əvvəl qırışlar yaranmır, fəqərələr kövrəlmir, osteoxondroz yaranmır, qamət pozulmur, yoğun bağırsaqlar normal işləyir, qəbizlik olmur və s.
Hər gün sübh tezdən yuxudan qalxmağı vərdişə çevirin və bu vaxt tualetə gedin. Əgər qəbizliyiniz varsa, müayinə edilməli və dərmansız (təbii) və ya dərman preparatları ilə aradan qaldırılmalıdır. Sağlamlığınızın qayğsına qaldığınız halda belə, zaman keçdikcə orqanizmdə zəhərli, toksik maddələrin (şlakların) toplanması baş verəcək. Xəstəliklərin əmələ gəlməsinin, vaxtsız qocalığın səbəblərini bunda axtarmaq lazımdır.

Ancaq acdığınız zaman yemək yeyin; süfrədən tam doymamış durun və gecələr yeməkdən imtina edin! Ayda bir neçə dəfə ac qalmaq rejiminə adət edin. Aclıq zamanı bədəndə toplanmış artıq toksinlərin xaric olunması sürətlənir, təmizlənmə, sağalma və bərpa prosesləri işə düşür. Əgər tam ac qala bilmirsinizsə, onda gün ərzində yalnız ya alma yeyin, yaxud meyvə şirələri için. Özünüz üçün ”Balıq”,”su”,”meyvə” günləri təyin edin. Əsrlər boyu milyonlarla insanın zamanın sınağından keçmiş əqidəsi və həyat tərzinə çevrilmiş oruc tutmaq da orqanizmi sağlamlaşmaqla müsbət effektə malikdir. Heç vaxt başınız ağrıyanda, qızdırmanız qalxanda, zehni və fiziki yorğunluq şəraitində qida qəbul etməyin, əksinə qidadan imtina edin. Yediyiniz yeməyi çalışın çox çeynəyin. Müxtəlif qidaları eyni vaxtda qəbul etməyin, xörəkləri qarışdırmayın. Biz yediklərimizdən ibarətik və ya Sevgili Peyğəmbərimizin (s.ə.s.) “Bütün fəsadların yuvası mədə, bütün dərdlərin şəfası pəhrizdir” kəlamını unutmayın. Əgər göstərilənlərə əməl etsəniz, orqanizmdə toplanmış toksinləri çıxartmış, vaxtsız qocalığın və xəstəliklərin qarşısını almış olacaqsınız. Çalışın, sərt yerdə yatın. Yatanda arxası üstə və düz uzanın. Sərt yataq onurğa sütunu üçün çox faydalıdır və həyatımızın bir parçasına çevrilməlidir. İdman hərəkətləri zamanı orqanizm gümrahlaşır, özünəinam hissi artır, qan yağları, təzyiq və qan şəkəri normallaşır.
Hər gün mütəmadi idmanla məşğul olun. Gün ərzində 5-7 km piyada gəzin və ya alternativ olaraq üzməyə gedin və ya digər idman növləri ilə məşğul olun. Bu zaman bütün orqanizmin qan və oksigenlə zənginləşməsi sürətlənir. Mütəmadi olaraq müayinələrdən keçin! Mütləq qanın laxtalanma komponentləri, xolesterin, şəkər və virus hepatitləri yoxlamalarından keçin, vaksinasiya olunun, bədən çəkinizi, qan təzyiqinizi daim nəzarət altında saxlayın!
HİPERTONİYA, ŞƏKƏRLİ DİABET VƏ PİYLƏNMƏ ƏSRİMİZİN EPİDEMİYASI VƏ ÖLÜM TRİOSUDUR!
Aktiv həyat tərzi xəstəliklərin əmələ gəlməsinə və orqanizmin zəifləməsinə qarşı mübarizənin ən effektiv növlərindən biridir. Bütün xəstəliklərə qarşı ən effektiv mübarizə üsullarından biri də ruhi sakitlikdir; bunun üçün həmişə səbirli olun, qısqanclıq, kin, həsəd və bu kimi neqativ fikirləri beyninizdən qovun, onu yaxşıları ilə – sevgi, məhəbbət, dostluq, ümid, xeyirxahlıq və digər pozitiv duyğularla əvəzləyin. İnsanları, dostları, uşaqları, təbiəti, bir sözlə, həyatı sevin, sağlam yaşayın!
