Ana səhifə Diabet Şəkərli diabetin müalicəsində bir-birinə bağlı üç ana sütun vardır

Şəkərli diabetin müalicəsində bir-birinə bağlı üç ana sütun vardır

Pəhriz müalicəsi. Həyatda şəkər xəstəliyi qədər pəhrizlə sıx bağlı olan ikinci bir xəstəlik yoxdur. Bu baxımdan şəkər xəstələrinin pəhriz saxlaması əsas şərtdir. Əgər xəstə pəhrizə riayət etmirsə, aparılan heç bir müalicə qənaətbəxş hesab edilə bilməz. Pəhriz xəstənin çəkisi, işi, yaşı, cinsi və bədən kütlə indeksi nəzərə alınmaqla təyin edilməlidir. Ümumiyyətlə, insulin inyeksiyası etdirən şəxslər 3 əsas və 3 aralıq olmaqla gündə 6 dəfə qidalanmalıdırlar. Diabet xəstəsinin uzunmüddətli ac qalması isə heç bir halda tövsiyə edilmir.

İdman müalicəsi. Fiziki fəallıq insulinin təsirini gücləndirir, yağ toxumasını azaldır, periferik toxumaların insulinə həssaslığını artırır, qan təzyiqi və qanın yağlılığı normallaşdırır, beləcə dərmana olan təlabat azalır və pasiyentlərin əhvalı yaxşıya doğru dəyişir, özünə inam hissi yüksəlir.

Dərman müalicəsi. Buraya insulin inyeksiyaları və ya hər bir xəstə üçün individual olaraq təyin edilən həblər daxildir. 1-ci tip diabet diaqnozu qoyulmuş pasiyentlər dərman müalicəsi qismində insulindən istifadə etmək məcburiyyətindədirlər. Bu xəstələrdə vəziyyətinin ağırlığından asılı olaraq gündə 3-4 dəfə insulin inyeksiyasına ehtiyac yarana bilər. Müasir tibbi praktikada istifadəsi rahat olan insulin qələmlərinə üstünlük verilir. 2-ci tip diabet diaqnozu qoyulmuş pasiyentlər isə qanda şəkər səviyyəsini aşağı salmaq üçün həblərdən daha çox fayda görürlər. Ancaq bu cür xəstələrin də yeri gəldikcə insulin inyeksiyası ilə müalicə edilməsi tövsiyə edilə bilər. Olikohemoqlobin (HbA1C)  göstəricisi optimal qlisemik nəzarətin qızıl standartıdır. Hər 3 aydan bir göstərişə uyğun olaraq bu göstəricinin yoxlanması və digər testlərin (tiroid, qaraciyər, böyrək funksional testləri, lipid profili, sutkalıq sidikdə mikroalbuminuriya testi və s.) verilməsi məsləhət görülür. Hər 6 aydan bir isə diabet diaqnozu qoyulmuş pasiyentlər kardioloji və göz müayinələrindən keçməlidirlər. Diabeti həyat tərzi olaraq qəbul edən, vaxtında yoxlamalardan keçən xəstələr çox sağlam və aktiv həyat sürə bilərlər. Diabetlə əlaqədar ortaya çıxan ağırlaşmalara ən çox qan şəkərinin miqdarına yaxşı nəzarət olunmayan xəstələrdə rast gəlinir. Bu arzuolunmaz vəziyyətlərin profilaktikası erkən diaqnoz və adekvat müalicə metodları vasitəsi ilə mümkündür.

Paylaş:
Həkimə ehtiyac var?