Ana səhifə Məqalələr Televiziya verilişlərinin insan sağlamlığına təsiri

Televiziya verilişlərinin insan sağlamlığına təsiri

 

Televiziya verilişlərinin insan sağlamlığına təsiri

Televiziya verilişləri aludəçiliyi nəticəsində formalaşan oturaq həyat tərzi metabolik xəstəliklərin inkişafına və artıq mövcud olan xəstəliklərin daha tez ağırlaşmasına səbəb olur. Çünki saatlarla proqramdan proqrama uzanan vaxt hərəkətsizliyə aparıb çıxarmaqla insan sağlamlığına ciddi zərbə vurur. Televiziya gündəlik həyatımızın ayrılmaz tərkib hissəsidir və ən çox istifadə etdiyimiz, çoxşaxəli təsiri olan ünsiyyət vasitəsinə çevrilib. Hər gün dünyada baş verən hadisələr barədə informasiyanın əldə edilməsi, xüsusən, intellektual və düşündürücü verilişlərin verilməsi, musiqili proqramlar və s. televiziyanı günümüzün müstəsna dərəcədə əhəmiyyətli atributuna çevirmişdir. Bununla yanaşı, televizorun insan sağlamlığına müəyyən mənfi təsirləri də var. İlkin olaraq qeyd etmək lazımdır ki, bütün elektriklə işləyən cihazlar ətraf mühitə müəyyən qədər zərərli şüalar yayır.

Təsadüfi deyil ki, risk qrupunda olan insanlarda miokard infarktı və insult kimi ciddi xəstəliklər bir çox hallarda elə uzun müddət televizor qarşısında olarkən baş verir. Uzun illər ardıcıl şəkildə vaxtını mavi ekran qarşısında keçirən insanlarda bu kimi oturaq həyat tərzi vərdişləri piylənmə yaradır. Hazırda bəşəriyyəti lərzəyə gətirən ölüm triosu – əsrimizin epidemiyası sayılan piylənmə, şəkərli diabet və hipertoniya xəstəliklərinin yaranmasında məhz bugünkü modern həyat tərzinin bir parçası sayılan informasiya texnologiyaları və televizorun rolu danılmazdır. Şəkərli diabetlə bağlı risk qrupunda olan, yəni yaxın qohumlarında diabet olan, kökəlməyə meylli insanlar hərəkətsizliyə səbəb olan televiziya verilişlərinə saatlarla baxmamalı, bunun onların sağlamlığı üçün təhlükəli olduğunu unutmamalıdırlar.

Doğrudur, son zamanlar istehsal edilən Plasma, LCD, LED 3D texnologiyalarında şüalanma dərəcəsi minumuma endirilsə də, tamamilə aradan qaldırılmayıb. Xüsusən, uşaqların televizora azı 1 metr uzaqdan baxmasını tövsiyə edilir. Televizorun sağlamlığımıza ən böyük təsiri saatlarla hərəkətsiz qalmağımız, verilişə və ya filmə baxa-baxa davamlı yemək və onun yaratdığı piylənmə xəstəliyidir. Sübut olunub ki, hərəkətsizlik qaldıqda qan damarlarımızda daha ləng dövr edir, laxtalanma qabiliyyəti yüksəlir və trombozlara meyllilik artır.

Televiziya barədə danışarkən onun uşaqların fiziki və psixi sağlamlığına olan təsirlərini də qeyd etməmək olmaz. Pedaqogika və tibb elmi sübut edib ki, danışmağa yenicə başlamış 0-2 yaş dövründəki uşaqların sadəcə dinləyərək passiv pozisiyada televizora baxması onlarda nitq qüsurlarının yaranmasına, ”danışma tənbəlliyinə” yol açır. Məktəbəqədər dövrdə uşaqların 25-30 dəqiqə valideynləri ilə bərabər yaşlarına uyğun verilişlərə baxması və bu zaman ekranda baş verənlərin onlara izah edilməsi faydalıdır. Aşağı sinif şagirdləri gün ərzində bir neçə dəfə ümumilikdə 45 dəqiqə-1 saat, orta sinif şagirdləri 1-1,5 saatdan çox olmamaqla televizora baxa bilərlər. Məsləhət görülür ki, həmişə uşağın qidalanması və iştahasının aşağı olması ilə bağlı şikayət edən valideynlər yemək saatlarında uşaqların televiziya izləməsinə icazə verməsinlər. Bu, uşağın diqqətini yeməkdən yayındıran mühüm faktordur. Televiziya verilişlərinə aludəçilik səbəbindən gec yatan uşaqlarda yuxu rejiminin pozulması, böyümə, inkişaf geriliyi sübuta yetirilib. Xüsusən, boy qısalığı problemi olan uşaqlar erkən yatmalı, valideynlərin bu məsələdə diqqətli olmasını tövsiyə edilir. Digər tərəfdən televiziyada göstərilən zorakılıq, qətl, kriminal hadisələr kiçik yaşlı uşaqlarda qorxu, həyəcan və stres yaratmaqla, yeniyetmələrdə isə onların ictimailəşməsinə mane olmaqla duyğularını kütləşdirir və onlarda aqressiya yaranmasına səbəb olur. Buna görə uşaqlar uzun müddət televiziya qarşısında tək buraxılmamalı, izlədikləri filmlərə və verilişləri nəzarət edilməlidir.

Uşaqlarımızın bizdən gözlədiyi diqqət və sevgini göstərə biləcəyimiz dəyərli vaxtın televiziya qarşısında keçməsi ailə daxili ünsiyyətə böyük zərbə vurur. Halbuki ailə üzvlərinin bir araya gəlib günlərini, düşüncələrini və problemlərini bir-biriləri ilə bölüşmək əvəzinə bütün vaxtlarını televizor qarşısında keçirmələri bu cür ailələrdə böyüyən uşaqlarda özünə qapanma, diqqət və davranış pozğunluğu, eləcə də əsəbilik hallarının yaranmasına səbəb olur. Uşağın televiziya qarşısında çox vaxt keçirməsini istəmiriksə, ona qadağa qoymaq və ya cəza vermək əvəzinə (çünki qadağalar inadkarlığa apararaq heç bir fayda vermir) əvvəlcə valideyn kimi ona bu mövzuda nümunə olub, birlikdə alternativ fəaliyyətlərlə (şəkil çəkmək, birlikdə oyun oynamaq, nağıl və ya hekayələr danışmaq və s. ) məşğul ola bilərik. Bu tədbirlərlə uşağı lazım olandan artıq televizor izləməkdən və onun mənfi təsirlərindən uzaqlaşdıra, intellektual, məlumatlandırıcı proqramları izləmələrini təmin edə, fiziki və psixi inkişafına müsbət təsir göstərə və televiziyanı müsbət hala gətirə bilərik. Televiziya izləyərkən evin interyeri, televizor və insan gözü arasındakı məsafə eyni səviyyədə olmalı, eyni zamanda masa, kreslo, divan və televizor altlığı optimal məsafədə yerləşdirilməlidir. Bu incəlik nəzərə alınmazsa, müəyyən müddət sonra boyun, baş ağrıları, gözlərdə yorğunluq və diskomfort hissi meydana çıxa bilər. İnformasiya bolluğu və televizordan aldığımız neqativ enerji insanların sinir sistemində yüklənmə yaradır. Belə insanlar gecəni pis yatır, əsəbi olur, diqqəti dağılır. Eyni zamanda, insanlar arasında ünsiyyətin azalması isə depressiyaların artmasına gətirib çıxarır. Bu hiss öz növbəsində digər sinir və psixi xəstəliklərin inkişafına rəvac verir. Televiziyada verilən serial və etik normalara uyğun gəlməyən proqramlar, xüsusən gənc nəslin tərbiyəsində aşınmalara yol açır. Bütün bunları nəzərə alaraq, televiziya ictimai əhəmiyyəti ilə bərabər, fərqinə varmadan fiziki və ruhi sağlamlığımıza ciddi təsir edir. Verilişlərə müəyyən saatlarda və məhdud şəkildə baxmaq, televiziyanın əsirinə çevrilməmək, televiziyanı deyil, fiziki aktivliyi həyatımızın bir parçasına çevirmək ən azı sağlamlığımız baxımından əhəmiyyətlidir.

 

 

 

Paylaş:
Həkimə ehtiyac var?