Ana səhifə Məqalələr Zob qalxanabənzər vəzinin böyüməsinin əlamətdir

Zob qalxanabənzər vəzinin böyüməsinin əlamətdir

Qalxanabənzər vəzi boynumuzun önündə 20-25 qram ağırlığında kiçik ölçülü, amma orqanizmin ən böyük ölçüyə malik daxili sekresiya vəzisidir.
Bu vəzi bədən üçün əhəmiyyətli və çox vacib hormonlar istehsal edir. Qalxanabənzər vəzinin istehsal etdiyi hormonlar maddələr mübadiləsini normada saxlamaqla yanaşı bütün inkişaf, hemodinamika və mübadilə prosesləri üçün müxtəsna əhəmiyyət kəsb edir. Digər sözlə qalxanabənzər vəzi sanki, batareya kimi enerji qaynağımız və çox əhəmiyyətli orqanımızdır.
Qalxanabənzər vəzinin hormon istehsalının artması və azalması müxtəlif xəstəliklərə gətirib çıxarır.
Zob qalxanvari vəzinin böyüdüyünü göstərən əlamətdir. El arasında qalxanabənzər vəzinin bütün xəstəliklərinə zob deyilir. Əslində isə qalxanabənzər vəzi xəstəliklərinin hər birinin elmi-tibbi izahı və adı var. Zob sadəcə olaraq bir simptom və əlamətdir. Zob kəlməsi qalxanabənzər vəzinin böyüməsini ifadə edir. Latınca adı goiter, türkcə quatr, rusca zob, azərbaycanca isə urdur. Sadəcə olaraq, ur (zob) sərbəst xəstəlik deyil və bir simptom olaraq qəbul olunur.

Zob xəstəliyinin müxtəlif əlamətləri və səbəbləri var

Bu əlamətlər hormon tarazlığının pozulması ilə əlaqədar olaraq dəyişir. Qalxanabənzər vəzi xəstələrində 3 tibbi vəziyyət rast gəlinir. Qalxanabənzər vəzinin fəaliyyətinin artmasına hipertireoz və yaxud da zəhərli zob deyilir. Bu zaman xəstələrin əllərində titrəmə, arıqlama, gözlərin irəliyə doğru çıxması, ürəkdöyünmə, ishal, diqqət dağınıqlığı və ən əsası halsızlıq, tez yorulma, fiziki iş qabiliyyətinin aşağı düşməsi kimi əlamətlər özünü büruzə verir. Orqanizmin bütün metabolizm prosesi sürətlənir. Qalxanabənzər vəzi hormonunun çatışmazlığı isə hipotiroidizm, yəni hormon çatışmazlığına verilən addır. Bu zaman hərəkətlərdə, duyğularda ləngimə, qəbizlik, üzdə, göz ətrafında, əllərdə, ayaqlarda şişkinlik, səs tellərində maye toplanması ilə əlaqədar olaraq səsin xırıltılı və ya qalın olması kimi şikayətlər meydana çıxır. Bəzən hormon tarazlığı pozulmur. Xəstədə düyünlər əmələ gəlir və hormon tarazlığının pozulmaması üçün hər hansı dərman preparatının verilməsinə gərək olmur. Lakin bu düyünlər estetik qüsur yaratmaqla bərabər, bəzən böyüyərək boyun orqanlarını, yemək borusunu və nəfəs yollarını sıxaraq müxtəlif şikayətlərin meydana gəlməsinə səbəb olur.

Bəzi regionlarda endemik olaraq torpaqda və suda yodun çatışmaması dolayısı ilə qanda da yodun azlığına və bunun nəticəsi kimi qalxanabənzər vəzidə də yod defisitinə səbəb olur. Orqanizm qanda yod çatışmazlığını kompensasiya etmək üçün bu defisitə böyümə ilə cavab verir. Bu, hiperplaziya zobunun yaranmağına səbəb olur. Bundan əlavə genetik yaxınlıq bu zaman çox önəmlidir. Qalxanabənzər vəzi xəstəliklərinin Haşimoto xəstəliyi adı ilə tanınan və daha çox ana xətti ilə ötürülən autoimmun proseslərə bağlı bir qrupu mövcuddur. Bu xəstəlik zamanı demək olar ki, bütün qadın qohumlarının hamısında zob olur. Eyni zamanda, qalxanabənzər vəzi üzərində aparılan müxtəlif cərrahi əməliyyatlar, radiasiya faktoru və stres də xəstəliyin yaranması və inkişafında böyük rol oynayır. “Mən zob xəstəsiyəm” demək həkimlər üçün hələ bu xəstəliyin olduğu mənasına gəlmir. Hər bir zob xəstəliyinin elmi-tibbi izahı və adı var. Biz mütləq müəyyən diaqnostik proseduralar və müayinələr keçirərək xəstəliyin düzgün diaqnozunu qoyur və uyğun müalicə qərarı veririk.

Paylaş:
Həkimə ehtiyac var?