Qalxanabənzər vəzi boynumuzun önündə 20-25 qram ağırlığı olan kiçik, amma orqanizmin ən böyük daxili sekresiya vəzisidir.
Bu vəz bədən üçün çox əhəmiyyətli, çox vacib hormonlar istehsal edir. Qalxanabənzər vəzin istehsal etdiyi hormonlar bizim maddələr mübadiləsini bir qaydada saxlayır, bütün inkişaf, hemodinamika, mübadilə prosesləri üçün bu çox vacibdir. Qalxanabənzər vəzi, sanki, oyuncaqların enerji qaynaqları olan batareyalar olduğu kimi bizim enerji depomuz və çox əhəmiyyətli bir orqanımızdır.
Qalxanabənzər vəzin hormonları artması və azalması müxtəlif xəstəliklərə səbəb olmaqdadır.
Zob, qalxanvari vəzinin böyüməsini ifadə edən bir əlamətdir. El arasında qalxanvari vəzin bütün xəstəliklərinə zob deyilir. Əslində qalxanvari vəzi xəstəliklərinin hər birinin elmi-tibbi izahı və adı vardır. Zob sadəcə olaraq bir simptom və əlamətdir. Zob kəlməsi qalxanvari vəzin böyüməsini ifadə edər. Bunun latınca əsl adı goiter, türkcə quatr, rusca zob, azərbaycanca isə urdur. Sadəcə olaraq, ur (zob)- sərbəst bir xəstəlik deyil və bir simptom olaraq qəbul olunmalıdır.

Zob xəstəliyinin müxtəlif əlamətləri və səbəbləri var
Bu əlamətlər hormon tarazlığının pozulması ilə əlaqədar dəyişir. Qalxanvari vəz xəstələrində 3 vəziyyət ön plandadır. Qalxanvari vəz fəaliyyətinin artmasına hipertireoz və yaxud da zəhərli zob deyirik. Bu zaman xəstələrdə əllərdə titrəmə, arıqlama, gözlərin irəli doğru çıxması, ürəkdöyünmə, ishal və s. bu kimi diqqət dağınıqlığı və ən əsası halsızlıq, tez yorulma, fiziki iş qabiliyyətinin aşağı düşməsi kimi əlamətlər başlayır. Təpədən dırnağa bütün metabolizma sürətlənir. Qalxanvari vəz hormonunun çatışmazlığı isə hipotiroidizm, yəni, hormon yetərsizliyinə bağlı bir durumdur. Bu zaman hərəkətlərdə, duyğularda yavaşıma, qəbizlik, üzdə, göz ətrafında, əllərdə, ayaqlarda şişkinlik, səs tellərində maye toplanması ilə əlaqədar olaraq səsin xırıltılı və ya qalın olması kimi şikayətlər meydana çıxır. Bəzən hormon tarazlığı pozulmur. Xəstədə düyünlər olur və hormon tarazlığının pozulmaması üçün hər hansı dərman preparatının verilməsinə gərək olmasa da bu düyünlər xəstədə estetik qüsur yaratmaqla bərabər, bəzən düyünlər böyüyərək boyun orqanlarını, yemək borusunu, nəfəs yollarını sıxaraq müxtəlif şikayətlərin meydana gəlməyinə səbəb ola bilər.
Endemik olaraq bəzi regionlarda torpaqda yodun çatışmaması və suda yodun azlığı dolayısı ilə qanda yodun azlığı ilə əlaqədar qalxanvari vəzidə bir yod defisitinə səbəb olmaqdadır. Orqanizm bu defisitə daha çox qanda yodu tutmaq üçün kompensator olaraq böyümə ilə cavab verər. Bu hiperplaziya zobun yaranmağına səbəb olur. Bundan əlavə genetik yaxınlıq burda çox önəmlidir. Qalxanvari vəz xəstəliklərinin Haşimato xəstəliyi adı ilə bilinən və daha çox ana xətti ilə ötürülən autoimmun proseslərə bağlı bir qrupu vardır ki, bu zaman demək olar ki, bütün qadın əqrabalarının hamısında zob xəstəliyi olur. Eyni zamanda, qalxanvari vəzi üzərində aparılan müxtəlif cərrahi əməliyyatlar, radiasiya faktoru, stress də xəstəliyin yaranması və inkişafında çox vacibdir. “Mən zob xəstəsiyəm” demək heç də həkimlər üçün qənaət-bəxş anlayış deyildir. Hər bir zob xəstəliyinin elmitibbi izahı və adı vardır. Mütləq biz müəyyən diaqnostik proseduraları və müayinələri keçirərək xəstəliyin adını tapıb, diaqnozu qoyub və sonra uyğun müalicəsini veririk.
