Əgər ultrasonoqrafiya nəticəsində düyünün şübhəli olması qənaətinə gəlinibsə, biopsiya olunaraq diaqnozu dəqiqləşdirmək, onkoloji prosesi erkən, yayılmadan araşdırmaq və üzə çıxarmaq, eləcə də düzgün müalicə etmək xəstənin həyatını xilas edə bilər. Zob xəstəliyinin müayinə üsulları əvvəlcə xəstəni dinləmə daha sonra boyun nahiyəsində qalxanabənzər vəzin əl ilə yoxlanması ilə başlayır. Müəyyən bir fikrə gəldikdən sonra diaqnostik məqsədlə laborator qan analizləri verməyə göndəririk. Hormon tarazlığının həkim tərəfindən mütləq şəkildə dəyərləndirilməsi lazımdır. Hormon analizləri qalxanvari vəz xəstəlikləri üçün çox vacibdir. Bu analizlər aparılmadan müalicə və diaqnoz qoyulması mümkün deyil. Daha sonra xəstəni ultrasəs müayinəsindən keçiririk. Qalxanvari vəz xəstəliklərində ultrasəs müayinəsi mütləqdir.

Müayinənin nəticələrinə əsasən qalxanabənzər vəzinin vəziyyətini, parenximanın quruluşunu, içəridə gizlənmiş düyünləri və onların onkoloji risklərinin olub-olmadığını görə bilirik. Xəstə əməliyyat olunacaqsa, əməliyyatdan sonra xüsusi qan testləri keçiririk. Bunun üçün xüsusi onkoloji markerlərimizlə xəstəni izləyirik.
Qalxanabənzər vəzi xəstəliklərinin bəzi ciddi formalarında kompyuter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyasə, bəzən isə digər ixtisas həkimlərinin müayinəsi və konsultasiyası da lazım ola bilər.
