Şəkərli diabet hər yaşda rast gəlinən, ciddi ağırlaşmalarla erkən ölümlərin, əlilliyin başlıca səbəbi kimi aktual, tibbi-sosial əhəmiyyətli və geniş yayılmış qeyri-infeksion xəstəlikdir.
Şəkərli diabet və ya şəkər xəstəliyi mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun çatışmazlığı, yaxud təsirinin qeyri-kafi olması nəticəsində yaranan xroniki hiperqlikemiya (qanda qlükoza səviyyəsinin yüksək olması) ilə əlaqədar zülal, yağ və karbohidrat mübadiləsinin pozulması ilə müşayiət olunan polietioloji (çoxsəbəbli) xəstəliklər qrupudur.

Şəkərli diabet diaqnoz qoyulandan sonra həyat boyu davam edən xroniki xəstəlikdir. Statistik məlumatlara görə, dünyada 425 milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ölkəmizdə 264 mindən çox diabet xəstəsi rəsmi qeydiyyatdadır, lakin unutmaq olmaz ki, dünyada şəkərli diabet xəstəsi qədər də diabet riski daşıyan insan var. Rəsmi statistika bu xəstəliyin gələcəkdə daha da artacağını proqnozlaşdırır.
Hazırda Beynəlxalq Diabet Federasiyasının verdiyi açıqlamaya görə, bu gün dünya əhalisinin hər 11 nəfərindən biri şəkərli diabet xəstəsidir.
