Ana səhifə Məqalələr Şəkərli diabetin tipləri

Şəkərli diabetin tipləri

Qəbul olunmuş beynəlxalq protokollara görə günümüzdə şəkərli diabet 4 ana başlıq altında təsnif olunur:

  • Tip 1 diabet.
    Bu növ diabet xəstəliyi mütləq şəkildə insulin çatışmazlığı ilə xarakterizə olunur və həyat boyu insulin qəbulunu məcburi edir. Daha çox uşaqlar və gənclər arasında yayılıb.
  • Tip 2 diabet.
    Diabetin ən geniş yayılmış növüdür. İnsulin müqaviməti səbəbilə yaranır və piylənmə səbəbindən qan şəkərinin yüksəlməsi ilə xarakterizə edilir. Ən çox 40 yaşdan yuxarı insanlarda meydana çıxan diabet tipidir.
  • Hamiləlik diabeti.
    Bu növ diabet hamiləlik əsnasında meydana çıxan və sonradan adətən, ötüb gedən diabet tipidir. Bəzi hallarda hestasional diabet adı verilən xəstələr sonralar insulin  müqavimətinə bağlı olaraq həyat boyu tip 2 diabet olaraq da davam edə bilərlər.
  • Spesifik diabet tipləri
    Spesifik diabet tiplərinin içərisində 10-a yaxın fərqli alt tiplər var. Bunlardan müxtəlif genetik xəstəliklərə və sindromlara səbəb olan insulin hormonunun istehsalında genetik defektlərlə əlaqəli diabet tiplərini göstərmək olar.

Şəkərli diabetin səbəbləri çox müxtəlifdir. Onlardan ən əsası, əlbəttə ki, genetik faktor, yəni irsi meyillilikdir.
Yaxın qohumlarında şəkərli diabeti olan insanlar ciddi risk altındadırlar.
Günümüzdə şəkərli diabetin geniş yayılmasının səbəbi piylənmə və oturaq həyat tərzi hallarının artması, karbohidratlarla zəngin qidalanma, hipodinamiya, yəni fiziki aktivliyin aşağı düşməsinin böyük rolu vardır. Piylənmə insulin rezistentliyini artırdığı üçün qlükoza mübadiləsində problem  yaranmasına və zamanla şəkərli diabetin ortaya çıxmasına səbəb olur.

Virus xəstəlikləri uşaq yaşlarında tip 1 diabetin digər bir səbəbləridir. Ümumiyyətlə, diabetin yaranmasında stimullaşdırıcı stres faktorunun rolunu da unutmaq olmaz. Müxtəlif diabet tiplərində dərman preparatlarının qəbulu, mədəaltı vəzi üzərində aparılan əməliyyatlar, onkoloji xəstəliklər və bəzən insulin hormonunda irsi ötürülən genetik defektləri də spesifik diabet tiplərinin meydana çıxmağına səbəb olur.
Hazırda diabet müasir tibb tərəfindən çoxsəbəbli polietioloji xəstəlik kimi klassifikasiya edilir.

Paylaş:
Həkimə ehtiyac var?