Amma qalxanvari vəzidə onkoloji problemin baş verməsi üçün bir xərçəngönü xəstəliyin olması lazımdır. Bu isə adətən, qalxanvari vəzidə olan düyünlərdir. Düyün, müxtəlif morfoloji xüsusiyyətə malik bütün ocaqlı törəmələrə aid olan bir anlayışdır.
Qalxanvari vəzdə olan bütün düyünlərin 5-10 faiz xərçəng olma riski vardır. Qalxanvari vəzinin hər düyününə və xəstəliyinə xərçəng deyilməz. Ultrasonoqrafik olaraq müəyyən xərçəng şübhəsi olan düyünləri biopsiya edirik. Biopsiyanın nəticəsi əgər şübhəli gəlirsə bu xəstələr əməliyyat olunur. Həqiqət əməliyyatdan sonra bilinir. Bəzən biopsiya ilə əməliyyatın nəticəsi üst-üstə düşməyə də bilər. Ona görə də tam klinik diaqnoz əməliyyatdan sonra xəstələrə histoloji müayinədən sonra qoyulur. Hər qalxanvari vəz xəstəsinə təbii ki, əməliyyat lazım deyildir. Xəstələrin əməliyyata göndərilməsinə qruplaşdırsaq əsas üç göstəriş vardır:
Birinci, qalxanvari vəzi xərçəngidirsə və ya xərçəng şübhəsi vardırsa xəstə mütləq əməliyyat olunmalıdır.
İkinci, toksiki zəhərli zoblarda radioaktiv yod müalicəsinə əks göstəriş varsa (xüsusən, gənc xəstələr, siqaret çəkənlər, göz problemləri olanlar, böyümüş qalxanvari vəz varsa və s.) bu hallarda cərrahi əməliyyat göstərişdir.
Üçüncü, böyümüş qalxanvari vəzi və yaxud da zobu olan xəstələr. Vəz estetik bir defekt yaradırsa, hormon tarazlığı pozulmayıb lakin çox böyümüşdürsə, xəstəni boğur və ya sıxırsa, nəfəs və ya digər boyun orqanlarında deformasiya yaradırsa estetik, kosmetik defekti aradan qaldırmaq üçün böyümüş qalxanvari vəzinin cərrahi olaraq alınması üçüncü göstərişi təşkil edir.

Bəzən göstərişsiz xəstələrin cərrahi əməliyyat olunmasına da təsadüf edirik, amma əməliyyata, cərrah təkbaşına deyil, endokrinoloq ilə birlikdə qərar verməlidir.
