Böyrəküstü vəzi xəstəlikləri
Böyrəküstü vəzilər cüt orqanlardır və hər iki böyrəklərimizin üstündə yerləşirlər. Hər birinin ağırlığı təxminən 4 qramdır. Embrioloji, histoloji və funksional olaraq bir-birindən fərqli olan iki qisimdən ibarətdirlər. Vəzlərin 90% -ni onları əhatə edən qabıq maddə və az bir qismini isə mərkəzdə yer alan beyin maddəsi tutur. Böyrəküstü vəzilərin istehsal etdikləri hormonlar kimi xəstəlikləri də fərqlidir. Böyrəküstü vəzin qabıq maddəsi (adrenal korteks) üçqatlı olub müxtəlif hormonlar istehsal edir. Bu hormonlar xolesterin mənşəli və steroid tərkiblidir. Aldosteron, kortizol, cinsi hormonlar (androgenlər) bu qatın əsas hormonları hesab edilir. Beyin maddəsində isə (adrenal medulla) amin turşu olan tirozindən sintez edilən adrenalin (epinefrin), noradrenalin (norepinefrin) hormonları istehsal olunur. Bu hormonlar tibbi dildə katexolaminlər adlanır.
Böyrəküstü vəzin xəstəlikləri tireoid və endokrin pankreas (mədəaltı vəzi) xəstəliklərinə nisbətən az rast gəlinsə də, daha şiddətlidir və mütləq şəkildə müalicə tələb edir. Vəzin xəstəlikləri adətən çatışmazlıq və ya hormon artıqlığı yaradan adenomalar səbəbindən yaranır. Bir çox hallarda vəzin beyin maddəsinin hipofunksiyası olmur. Ona görə ki, digər toxuma və orqanlardakı (məsələn, dalaqda, qaraciyərdə, simpatik sinir sistemində və aortada) spesifik hüceyrələr bu hormonları sintez edərək vəziyyəti aradan qaldırırlar. Qabıq maddə hormonlarının çatışmazlığı isə həm hipofiz vəzin hipofunksiyası, həm də vəzin özündən irəli gələn amillər səbəbindən əmələ gəlir. Aldosteron çatışmazlığı, xüsusilə qlükokortikoid, əsasən kortizol çatışmazlığı ilə müşahidə olunan Addison xəstəliyi şəklində ortaya çıxır və bu, endokrinoloqların ən çox rastlaşdıqları xəstəliklərdən biridir. Stres, cərrahi əməliyyat, hamiləlik və doğum kimi xüsusi hallarda adrenal kriz adlanan vəziyyətin — yəni həyati vacib hormon olan kortizolun kəskin çatışmazlığının qarşısını almaq üçün bu xəstələr ömürboyu müalicə və mütəmadi nəzarətlə yanaşı, xüsusi təlimat da almalıdırlar. Qabıq maddəsinin funksional, hormonal aktiv adenomalarına Kuşinq sindromu (kortizolun artıqlığı) və Konn sindromu (aldosteronun artıq ifrazı) kimi xəstəliklər daxildir. Bu patologiyalar cərrahi müdaxilə və xüsusi müalicə yanaşması tələb edən, lakin düzgün müalicə ilə tam sağalma ehtimalı olan xəstəliklərdir. Müayinə zamanı təsadüfən aşkar edilən insidental düyünlər də funksionallıq baxımından araşdırılmalı, müəyyən ölçülərə çatanadək nəzarət altında saxlanmalı, lazım gələrsə cərrahiyyə üsulu ilə müalicə olunmalıdır. Böyrəküstü vəzin beyin maddəsinin ən çox rast gəldiyimiz xəstəliklərindən biri olan feoxromositoma adenomalarıdır. Bu xəstəlik zamanı katexolamin hormonunun həddən artıq istehsal edilməsi həyati təhlükə daşıyan hipertonik krizlərə səbəb olur və xəstəni ölüm təhlükəsi ilə qarşı qarşıya qoyur. Qeyd etmək lazımdır ki, feoxromositoma həmişə böyrəküstü vəz mənşəli olmur. Ümumiyyətlə, xüsusilə gənc yaşlarda və ailə üzvləri arasında tez-tez rast gəlinən hipertoniya hallarında vəziyyətə geniş yanaşmaq vacibdir. Belə hallarda, feoxromositoma və digər endokrin mənşəli hipertoniyalar ehtimalını araşdırmaq üçün endokrinoloqun müayinəsi mütləq aparılmalıdır.
Bu xəstəliyin də müalicəsi cərrahi olub, daimi nəzarət tələb edir.
Böyrəküstü vəzdə və pediatrik praktikada rast gəldiyimiz anadangəlmə ferment çatışmazlığı səbəbindən yaranan xəstəliklər daha çox cinsi hormon problemlərində özünü göstərir. Yaşlı və orta yaş qrupuna aid insanlarda, xüsusilə qadınlarda tüklənmə və aybaşı dövrlərinin pozulmasının səbəbi adətən kongenital adrenal hiperplaziya adlanan ferment çatışmazlıqlarıdır. Kişilərdə isə bu vəziyyət erkən cinsi inkişaf, boy qısalığı, xayalarda TART (testikulyar adrenal rest tümör) adlanan ciddi problemlərə səbəb olur. Endokrinologiyada böyrəküstü vəzilərin xəstəlikləri həm steroid, həm də cinsi hormonların istehsalına təsir etdiyindən, vəzin funksional pozuntuları da daxil olmaqla məsələyə kompleks yanaşılır və birgə qiymətləndirilir.
Xidmət sahəmizə aid olan böyrəküstü vəzin xəstəlikləri tərəfimizdən hərtərəfli araşdırılaraq müalicə edilir.

