Hamiləlik zamanı ana və döl arasında bir-birinə təsir edən geniş həcmli endokrin-metabolik dəyişikliklər hamiləliyin davamı, dölün inkişafı, böyüməsi, doğum və südəmizdirmə proseslərinə zəmin yaradır. Yadda saxlamaq lazımdır ki, hamiləlik xəstəlik deyildir, fizioloji bir prosesdir.
Nəzarət altında aparılan hamiləlik və doğum baş verə biləcək riskləri minumuma endirmək üçün çox vacibdir. Biz, adətən, hamiləlikdə ya əvvəlcədən var olub unudulmuş, yaxud bilinən endokrin problemlər, yaxud hamiləlik əsnasında meydana çıxan endokrin-metabolik xəstəliklərlə qarşılaşırıq. Ana və döl arasındakı hər cür bağlantı plasenta vasitəsi ilə reallaşır ki, bu da böyük bir endokrin orqan olmaqla irəliləyən dövrdə hormonal problemlərin önəmini ortaya çıxarır. Hamiləlikdə, hormonal funksiyalarda olan bu dəyişiklikləri bilmək, bu dönəmdə endokrin testlərdən keçmək, əlaqədar endokrin xəstəliklərin diaqnostikası, izlənilməsi və düzgün müalicəsi baxımından çox önəmlidir.