Hamiləlik və endokrin xəstəlikləri
Hamiləlik zamanı ana və döl arasında qarşılıqlı təsir gücünə malik genişhəcmli endokrin-metabolik dəyişikliklər hamiləliyin davamı, dölün inkişafı, böyüməsi, doğum və laktasiya proseslərinin düzgün gedişatını təmin edir. Yadda saxlamaq lazımdır ki, hamiləlik xəstəlik deyil, fizioloji prosesdir. Həkim nəzarəti altında saxlandıqda potensial riskləri minumuma endirmək mümkündür. Hamiləlik zamanı qarşılaşdığımız endokrin-metabolik xəstəlikləri 3 qrupa ayırmaq olar:
Əvvəlcədən mövcud olan, lakin unudulan;
Bilinən endokrin problemlər;
Hamiləlik əsnasında meydana çıxan xəstəliklər.
Ana və döl arasındakı hər bir bağlantı plasenta vasitəsilə reallaşır. Plasenta böyük bir endokrin orqan olmaqla qarşıdakı dövrlərdə hormonal problemlərin nə qədər vacib olduğunu bir daha aydın şəkildə göstərir. Hamiləlik zamanı endokrin yoxlamalardan keçmək və hormonal funksiyalarda baş verən dəyişikliklərdən vaxtında xəbər tutmaq əlaqədar endokrin xəstəliklərin diaqnostikası, təqibi və düzgün müalicəsi baxımından çox önəmlidir.
Xidmət sahəmizə aid olan hamiləlik zamanı endokrin patologiyalar arasında ən çox rast gəlinən problemlərdən biri də hamiləlik (hestasional) diabetdir. Problemin bu qədər geniş yayılması artan piylənmə halları, irsi və ətraf mühit faktorları və xəstəliyin asimptomatik inkişaf etməsi ilə əlaqədardır. Müasir protokollara əsasən, hamiləliyin 24-28-ci həftələrində hamiləlik diabeti olub-olmadığını öyrənmək üçün şəkər yükləmə yoxlamasından keçmək tövsiyə olunur. Diabeti olan xəstənin hamilə qalması (prehestasional diabet) daha ciddi risklər doğurduğundan mütləq endokrinoloq nəzarəti altında müalicə edilməlidir.
Digər hamiləlik patologiyaları sırasında qalxanabənzər vəzin xəstəlikləri mühüm yer tutur. Çünki, tireoid problemləri hamiləlik dövründə ən çox rast gəlinən endokrin patologiyadır. Tireoid hormonları dölün, xüsusilə də beyin toxumasının inkişafı üçün hamiləliyin ilk trimestrində son dərəcə vacibdir. Bu səbəbdən hamiləlikdən qabaq və hamiləlik zamanı qalxanabənzər vəzi hormonları yoxlanılaraq müalicə edilməli və nəzarətdə saxlanılmalıdır. Hamiləlik zamanı laborator testlərin cavablarının şərh edilməsi digər dövrlərlə müqayisədə fərqli normativlərlə əsasən yerinə yetirilir, müalicəsi də həmçinin spesifik protokollar əsasında aparılır. Sintiqrafiya və radioaktiv yod müalicəsi hamilə xəstələr üçün əks göstərişlidir. Qalxanabənzər vəzidə düyün aşkar edilibsə, rahatlıqla biopsiya aparıla bilər. Nəticədə xərçəng şübhəsi yaranarsa və ya xərçəng xəstəliyi aşkar olunarsa, həmiləliyin 2-ci trimestrində cərrahiyə mümkün ola bilər. Әgər xəstə hamiləliyin son trimestrindədirsə, cərrahiyyə doğumdan sonraya saxlanmalıdır. Hipotireoidizm tireoid xəstəlikləri içərisində ən çox rast gəlinən patologiyadır. Hamiləlik boyunca dölün yetərli qədər tireoid hormonları ilə təmin olunmaması fiziki və mental geriliyə, erkən doğum və abortlara səbəb olacaq. Profilaktik tədbirlər çərçivəsində hələ hamiləlik planlanan zaman qalxanabənzər vəzi xəstəlikləri, xüsusən, autoimmun tireoiditlər və hipotireoidizm araşdırılmalıdır. Hipertireoidizm (tireotoksikoz) hipotireoidizmə nisbətən daha az rast gəlinir. Lakin düzgün müalicə edilmədikdə erkən doğum, az çəkili doğum, fetal hipo- və hipertireoidizm, yenidoğulmuş körpənin hipertireoidizmi, qalxanabənzər vəzin böyüməsi (zob) və ölü doğum kimi ciddi fəsadlara səbəb ola bilər.
Hamiləlikdə qalxanabənzər ətraf vəzilərin xəstəlikləri də endokrinoloqların diqqət mərkəzində olan mövzulardandır. Burada əsasən kalsium mübadiləsində baş verən dəyişikliklər ön planda dayanır. Kalsium mübadiləsinin qorunmasında bağırsaqlar, böyrəklər, sümük toxuması vacib rolu oynayır və bu mübadilə 3 əsas hormon (parathormon, vitamin D və kalsitonin) tərəfindən idarə olunur. Әn çox rast gəlinən hipokalsemiyalar vitamin D çatışmazlığı qida vasitəsilə lazımi miqdarda kalsium və vitamin D alınmamasına səbəbindən əmələ gəlir. Bəzən tireoid və paratireiod əməliyatlarından sonra da hipokalsemiyalar yarana bilər. Hipokalsemiyanın müalicəsində vitamin D və kalsium qəbul edilməsi əsas şərtdir. Nadir də olsa hiperkalsemiya paratireoid adenomalarının və müxtəlif onkoloji xəstəliklərin simptomu da ola bilər. Reproduktiv yaşdakı qadınlarda hiperparatireoidizm ehtimalı 8/ 100000 olduğu ehtimal edilir. Hiperkalsemiyanın şikayətləri qeyri-spesifikdir. Əsas fəsadları erkən doğum, ümumi əzələ gücsüzlüyü, preeklampsiya və eklampsiya, ölü doğum, yenidoğulmuş körpələrdə qıcolma halları, böyrək daşları, pankreatit və psixiatrik problemlərdir. Əgər paratireoid adenoma mövcuddursa, səbəbə yönəlik müalicə və ikinci trimestrdə vaxtında həyata keçirilən cərrahi müdaxilə xəstənin həyatını xilas edə bilər. Dölün kalsium ehtiyacı ananın bağırsaqlarından təlabata uyğun kalsiumun daha çox sorulması hesabına ödənilir. Ananın qanında kalsiumun ümumi səviyyəsi azaldığından ionizə kalsiuma baxılaraq qərar verilməsi tövsiyə edilir. Osteoporoz hamiləlik və laktasiya dövründə nadir rast gəlinir. Xəstəliyin daha ağır formalarında fəqərə sınması və səbəbdən ciddi ağrılar hiss oluna bilər. Bu əsasən vitamin D çatışmazlığı səbəbilə ortaya çıxır. Vitamin D çatışmazlığı anada osteoporoz yaranmasına yol açmaqla bitməyib, yenidoğulmuş körpədə raxitizm, kraniotabes, diş çıxarması problemləri də yarada bilər. Hamiləlik dövründə hipokalsemiya ve osteoporoz müalicəsi qismində kalsium və vitamin D xaricində başqa dərman preparatlarının verilməsi tövsiyə edilmir.
Hamiləlik zamanı hipofiz xəstəlikləri müxtəlif formalarda qarşımıza çıxır. Bu zaman hipofiz vəzində anatomik və funksional dəyişikliklər baş verir. Hipofizin ölçüləri böyüyür, hamiləliyin ikinci yarısından başlayaraq plasentadan fərqli böyümə hormonu (GH-V) sekresiya olunur, kortizolun, prolaktinin miqdarı dəfələrlə artır. Baş verən proseslər fizioloji olub hamiləlik bitdikdən bir neçə ay sonra geriyə dönür. Hipofizar patolgiyalardan ən çox rastlaşdıqlarımız prolaktinomalar, akromeqaliya, Kuşinq xəstəliyi, TSH-omalar, hipofizar çatışmazlıq və ya hipopitiutarizm, Sheehan sindromu və şəkərsiz diabetin müxtəilf formalarıdır. Bunların bir qismi nadir patologiyalar olsa da, rast gəlmə ehtimalı sıfır deyil. Hər bir hipofiz patologiyasının həm hamiləlik, həm də laktasiya dövründə müvafiq protokola uyğun müalicə alqoritmi var. Bu zaman hipofiz xəstələri nəzarət altına alınaraq müalicə olunarsa, tamamilə normal şəkildə hamiləliyini davam etdirə bilər.
Hamiləlik zamanı böyrəküstü vəz xəstlikləri həm ana, həm döl üçün bir sıra risklər daşıyır. Bu vəziyyət xüsusən əvvəlki dövrlərdə daha vacib idi, çünki böyrəküstü vəz xəstəliyi bir çox hallarda ana ölümünə səbəbi olurdu. Məsələn, feoxromositomalı hamilə 50-55% hallarda ölüm riski ilə qarşı qarşıya qalırdı. Günümüzdə müvafiq müalicə və xəstəliyin gedişatının izlənməsi böyrəküstü vəz xəstələrində də hamiləliyin sağlam və normal şəkildə sonlandırılmasını təmin edir. Әn çox rast gəlinən kongenital adrenal hiperplaziyalar (KAH) ferment defisiti səbəbindən yaranan anadangəlmə böyrəküstü vəzin hiperplaziyasıdır. Bu zaman hamilə protokola uyğun olaraq nəzarət altında saxlanmazsa, erkən və ölü doğum, xüsusən qız övladlarında şübhəli genitaliya, tüklənmə problemləri ilə qarşılaşa bilər. Kuşinq sindromu, primer hiperaldosteronizm, feoxromositoma kimi daha ağır patologiyalar əsasən cərrahi müalicə və daha ciddi monitorinq tələb edir. Addison xəstəliyi, böyrəküstü vəz çatışmazlığı və hamiləlikdə steroid pereparatların qəbulu da endokrinoloq nəzarəti tələb edir.
Hamiləlik zamanı hipertoniya yaranması ginekoloq, nefroloq, kardioloq ve endokrinoloqların ortaq problemidir. Xroniki hipertoniyası olan xəstənin hamilə qalmasından başqa, normatenziv hamilədə 20-ci həftədən sonra arterial qan təzyiqinin 140/90 mm Hg sütunundan artıq olması kimi qəbul olunan hestesional hipertoniya xəstəliyi mpvcuddur. Bu vəziyyət hamilə üçün qorxuludur. Çünki onun preeklampsiya, eklampsiya, insult, ağciyərlərdə maye yığılması, HELLP sindromu (hemolysis, elevated liver enzymes, low platelets) kimi ciddi riskləri var. Hamiləlik hipertoniyalarında mütləq endokrinoloqla konsultasiya aparılmalıdır. Bu zaman ikincili səbəbləri araşdırmaq, dərman verilməsi məhdud olduğu üçün doğru diaqnoz qoyub xəstəyə ən vacib, ən zərərsiz pereparat seçilməlidir.
Polikistik yumurtalıq sindromu (PCOS) reproduktiv yaşdakı qadınların böyük bir qismini (10-15% olması güman olunur) əhatə edən endokrin patologiyadır. İlk dəfə 1935-ci ildə Stein və Leventhal tərəfindən təsvir edilən patolgiyanın tam səbəbi elmə məlum olmasa da, hamilə qalmaq istəyən pasiyentlərin əsas problemi olaraq qalır. Günümüzdə PCOS sadəcə hirsutizm (tüklənmə) və sonsuzluğa səbəb olan xəstəlik olmayıb 2-ci tip şəkərli diabet, metabolik sindrom, piylənmə və sonradan yumurtalıq xərçənginə də yol aça bilər. PCOS təxminən 20% hallarda qadın sonsuzluğunun səbəbidir. PCOS diaqnozu qoyulmuş xəstələrin hamilə qalması özündə hamiləlik diabeti, hamiləlikdə hipertoniya, preeklampsiya, eklampsiya, erkən doğum kimi risklər daşıyır. Ona görə bu xəstələr hamiləlikdən əvvəl həkimlər tərəfindən çəki atmağa motivasiya edilməli, hamiləlik zamanı isə ginekoloq və endokrinoloq tərəfindən nəzarətdə saxlanılmalıdırlar.
Hamiləlik zamanı piylənmə günümüzün aktual problemidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına əsasən, hazırda hamilə qadınların 2-25%-i piylənmə xəstəliyindən əziyyət çəkir. Hamiləlikdə 11.5-16 kq ətrafında çəki artımı normal hesab edilir. İrsi yaxınlıq, azhərəkətlilik, karbohidratların bol qəbulu hamiləni piylənmə xəstəsinə çevirir və özü ilə bərabər digər problemlər də gətirir. Piylənmə xəstəliyi ana üçün trombemboliya, abort, hestasional diabet, hipertoniya ve keysəriyyə ilə doğum risklərini artırdığı halda döl üçün irsi xəstəliklər, makrosomiya (iri döl) və fetal ölüm səbəbidir. Müalicə zamanı hamiləlikdən əvvəl və doğumdan sonra piylənmənin riskli olduğu anaya izah edilməli, o çəki atmaq üçün motivasiya edilməlidir.
Ümumiyyətlə, müxtəlif formalarda qarşımıza çıxan endokrin patologiyalar göründüyü qədər sadə deyil və yalnız həkim mütəxəsis-endokrinoloqlar tərəfindən müayinə və müalicə edilməlidir. Ehtiyac yaranarsa, digər sahə həkimləri ilə konsultasiya aparmaqla multidistiplinar yanaşma tətbiq edilməlidir. Bu ana və uşaq ölümünün qarşısının alınması və sağlam genofondun qorunması baxımından olduqca əhəmiyyətlidir.

