Dr.Hidayət Məmmədzadə/Hipofiz vəzi xəstəlikləri

Hipofiz vəzi xəstəlikləri

Hipofiz vəzi endokrin sistemin əsas orqanı olub böyümə, inkişaf, övlad dünyaya gətirmə, maddələr mübadiləsi, südvermə, stresə cavab kimi fərqli fizioloji funksiyaları idarə edən mərkəzi aparat, bele demək mümkündürsə, dirijordur. Hipofiz vəzini bilmədən endokrin funksiyalar və xəstəliklər haqqında fikir söyləmək mümkün deyil. Bu vəzi baş beyində türk yəhəri deyilən xüsusi çuxurda yerləşir. Hipofiz vəzi adenohipofiz (ön və orta paylar) və neyrohipofiz (arxa pay) adları verilən fərqli quruluş və fəaliyyətə malik toxumalardan təşkil olunan orqandır. Vəzin ümumi ölçüsü 15x10x6 mm, ağırlığı 0,4-1,0 qramdır. Bu vəzin endokrin sistemdə mühüm yer tutmasının səbəbi müstəsna əhəmiyyətə malik hormonlarla əlaqədardır. Ön pay vəzin 2/3 hissəsini təşkil edərək 6 fərqli hormon ifraz edən 5 ayrı hüceyrə tipindən formalaşır:

  1. Tireoid stimullaşdırıcı hormon (TSH) istehsal edən tireotrop hüceyrələr;
  2. Adrenokortikotrop hormon (ACTH) istehsal edən kortikotrop hüceyrələr;
  3. Lüteinləşdirici hormon (LH) və follikulstimullaşdırıcı hormon
    (FSH) istehsal edən qonodotrop hüceyrələr;
  4. Böyümə hormonu (GH) istehsal edən somatotrop hüceyrələr;
  5. Prolaktin (PRL) istehsal edən laktotrop hüceyrələr.

Orta pay melonosit stimulaşdırıcı hormonla (MSH) endorfinlərin birləşməsi olan pro-opimelanokortin, arxa pay isə hipotalamus deyilən üst nahiyədə istehsal olunan oksitosin və antidiuretik hormonunu toplayaraq sekresiya edir.
Hipofiz vəzin xəstəlikləri də uyğun olaraq ya həmin hormonların artıqlığı, ya da çatmazlığı, bəzən isə rezistentliyi ilə əlaqadər olaraq özünü büruzə verir. Hormon çatışmazlığı və artıqlığı çox vaxt hipofizdə yaranmış adenoma adı verilən müxtəlif ocaqlı törəmələr  düyünlər nəticəsində meydana çıxır. Әksər hallarda həmin düyünlər xoş xasiyyətli olur və təsadüfi müayinələrdə aşkar edilə bilər. Elə hallar da olur ki, bu düyünlər heç bir funksionallıq göstərmədən vəzə kompressiya edir və hipofizar hormonların hissəvi, bəzən isə ümumi çatışmazlığına səbəb olmaqla xəstənin həyatını riskə ata atır. Bu çatışmazlıqla kraniofaringioma, beyin şişləri və s. kimi xəstəliklərdə də qarşılaşırıq. Bəzən, xüsusilə uşaq yaşlarında, irsi amillərlə əlaqədar olaraq hipofiz hormonlarından bir neçəsinin, bəzən isə yalnız birinin çatışmazlığına rast gəlinir. Bu zaman vaxtında qoyulan düzgün diaqnoz və müalicə insanların həyatına xilas edə və onları cəmiyyətə qaytara bilər. Xəstəliyin əlamətləri sırasında düyünün kompressiyası səbəbilə yaranan baş ağrıları, görmə pozuntuları, görmə sahəsinin daralması, hormon çatışmazlığı və ya artıqlığı ilə əlaqədar şikayətləri göstərmək olar. Endokrinoloqların tez-tez rastlaşdığı məqamlardan biri də hormon istehsal edən funksional adenomalardır. Dünya statistikasına əsasən ən çox rast gəlinən adenomalar prolaktinomalardır. Unutmaq olmaz ki, prolaktin streslə əlaqəli hormon olduğundan bəzən fizioloji, bəzən də dərman qəbulu səbəbilə səviyyəsi yüksələ bilər. Hər prolaktin yüksəlişində dərman qəbul etmək və müalicə almaq doğru deyil. Problem mütləq olaraq araşdırılmalı, diaqnoz dəqiqləşməynə qədər heç bir dərman verilməməlidir. Hipofiz vəzi qaynaqlı adenomalar prolaktinoma adlanır. Əksər hallarda dərman müalicəsi ilə ən böyük adenomalar belə tamamilə yox olub gedir. Amma bunun üçün, əlbəttə ki, mütəxəssis nəzarəti altında olmaq vacib şərtdir. Digər hipofiz adenomaları arasında xüsusilə diqqət çəkənlər kortikotrop hüceyrələrdən yaranan və ACTH hormonu istehsal edən adenomalardır. Bu adenomalar nəticədə Kuşinq xəstəliyinə səbəb olur. Həmçinin, böyümə hormonunu (GH) artıq ifraz edən adenomalar isə akromeqaliya xəstəliyini yaradır. Çünki TSH, FSH və LH hormonlarını istehsal edən adenomalar son dərəcədə nadirdir. Bəzən bir neçə hormon istehsal edən mix-adenomalarla da qarşılaşırıq. Prolaktinomadan başqa digər funksional adenomalarda ilk tövsiyə edilən müalicə üsulu cərrahi əməliyyatdır. Arxa pay hipofiz xəstəlikləri arasında ən çox rast gəlinən patologiya antidiuretik hormon çatışmazlığı səbəbindən yaranan şəkərsiz diabetdir. Bu xəstəlik xəstələrdə tez-tez susuzluq və çox sidiyə çıxma şikayətlərinə səbəb olaraq həyat keyfiyyətini aşağı salır. Müvafiq müalicə ilə bu xəstələrə də kömək etmək mümkündür.

Bütün növ hipofiz vəzi xəstəliklərinin müalicəsi əsasən həkim-endokrinoloqun fəaliyyət sahəsinə daxildir. Lazım gəldikdə beyin cərrahı, radioloq, onkoloq, ginekoloq və başqa sahənin mütəxəssisləri də müalicə prosesində yer ala bilər. Lakin bu sahənin əsas mütəxəssisi endokrinoloq olduğu üçün hər bir hipofiz xəstəsinə multidisiplinar olaraq yanaşılmalı və müalicənin uğurla bitməsi üçün hər addım endokrinoloqla məsləhətləşərək atılmalıdır. Müasir tibb hipofiz vəzi xəstələrinə bir çox sınanmış müalicə üsulları təklif edir. Lakin unutmaq olmaz ki, çox vaxt bu xəstələr ömürboyu həkim nəzarəti altında olmalıdırlar. Xidmət sahəmizə aid olan bütün növ hipofiz vəzi xəstəliklərini dəqiqliklə diaqnostika edir və müalicəsini uğurla həyata keçiririk.

Həkimə ehtiyac var?