Metabolik sümük xəstəlikləri və osteoporoz
Sümüklər endokrin orqan olmaqla mexaniki və əhəmiyyətli metabolik funksiyalara malikdir. Həddi-büluğ dövründən başlayaraq skelet sistemi tam formalaşır, stabilləşmə dövrü keçdikdən sonra, təxminən 40 yaşlarından başlayaraq isə hər iki cinsdə sümük kütləsinin itkisi başlayır. Menopauza dövründə yumurtalıq funksiyasının dayanması səbəbindən sümük kütləsi və tərkibindəki mineral səviyyəsi azalmağa başlayır, sümüklərin sınma ehtimalı və sınma halları artır. Bu osteoporoz adı verilən tibbi vəziyyətə gətirib çıxarır. Osteoporoz dünya əhalisi yaşlandıqca hər keçən gün daha vacib bir sağlamlıq probleminə çevrilir. Dünyada 60 yaşdan yuxarı qadınların üçdə biri, 80 yaşdan yuxarı qadınların isə üçdə ikisi osteoporozdan əziyyət çəkir. Osteoporoz ahıl yaşına çatmış insanlarda baş verən sınıqların əsas səbəbi olmaqla, ən geniş yayılmış sümük xəstəliyidir. Әn çox rast gəlinən qalça və fəqərə sınıqları şikəstlik və əlilliyin səbəbi olmaqla osteoporozun erkən diaqnostika və müalicəsinin vacibliyini bir daha sübut edir. Artıq hadisə baş verəndən sonra sınıqlarla xəstəxanaya gətirilən osteoporoz xəstələri vaxtında diaqnoz olunarsa, ağırlaşmaların da qarşısı vaxtında alınmış olar. Diabetli xəstələr, hipotireoidzmi olan, yaşlı, xüsusən, qadın pasiyentlər menopauzadan sonra, steroid tərkibli və başqa xəstəliklərə qarşı müxtəlif dərmanlar qəbul edənlər, ailə və yaxın qohumlarında tez-tez sınıq anamnezi olanlar, ankilozlaşdırıcı spondilit, revmatoid artrit, iltihabi bağırsaq xəstəlikləri olanlar, hipoqonodizm diaqnozu qoyulanlar, orqan transplantasiyası əməliyyatı keçirənlər, günəş işığı və açıq havada çox qala bilməyənlər, siqaret və alkoqol kimi zərərli vərdişi olan pasiyentlərimiz osteoporoz baxımından yüksək risk qrupuna daxildirlər. Densitometriya müayinəsi ilə osteoporozun varlığı və dərəcəsi dəqiqləşdirilməlidir.
Osteoporozdan sonra ən çox rast gəlinən və sümük ağrıları, sınıqlar, onkoloji risklər, nevroloji və kardioloji problemlərlə müşayiət olunan Paget xəstəliyinin adı İngiltərədə St Bartholomew’s klinikasında işləyən və bu xəstəliyi ilk dəfə təsvir edən cərrah Ser Ceyms Pagetin adından götürülüb. Vaxtında müalicə tədbirləri görməklə bu xəstəliyin də ağırlaşmasının qarşısını almaq mümkündür. Metabolik sümük xəstəlikləri skelet sistemində sınıq riskini artıran, elektrolit, sümük və bütün növ mineral maddə mübadiləsinin pozuntularına verilən ümumi addır. Tibb elmində termin olaraq istifadə edilir. Sümüyün hər bir metabolik xəstəliyi zamanı hemoqram, EÇS, CRP, kalsium, fosfor başda olmaqla bütün elektrolitlər, qələvi fosfataza, tireoid hormon paneli, cinsi hormonlar, qaraciyər, böyrək testləri, lipid profili və radioloji müayinələr – rentgenoqrafiya, sintiqrafiya, ehtiyac yaranarsa, sümük biopsiyası edilməli və ancaq diaqnoz dəqiqləşdirildikdən sonra müalicəyə başlanılmalıdır. Vitamin D çatışmazlığı uşaqlarda raxitizm, böyüklərdə osteomalyasiya xəstəlikləri ilə yanaşı, sonrakı yaş dövrlərində osteoporozun da əsas səbəbi kimi özünü büruzə verir. D vitamini başda sümüklər olmaqla bədənimizin bir çox nahiyəsində xüsusi əhəmiyyətə malik vitamin, eyni zamanda vacib hormondur. D vitamini çatışmazlığının qarşısını almaq üçün kifayət qədər günəş şüaları və D vitamini ilə zəngin qidaların qəbul edilməsi əhəmiyyətlidir. D vitamini günəş şüalarının təsiriylə dəridə meydana gəlir. Gündəlik D vitamini ehtiyacı qollar, ayaqlar və üzün təxminən 20 dəqiqə gün işığına məruz qalmasıyla qarşılana bilər. Lazımi günəş işığı miqdarı yaş, dərinin rəngi, məruz qalma müddəti və varsa digər tibbi problemlərə görə dəyişir. Dəridə D vitamininin istehsalı yaş keçdikcə azalır. Dərisinin rəngi tünd olan insanlarda D vitamininin az miqdarda istehsal edilməsi xüsusilə qış aylarında daha uzun müddət gün işığında qalmaq ehtiyacı yaradır. Qoruyucu krem istifadə edən insanların dərisində D vitamini istehsalı əhəmiyyətli dərəcədə azalır. D vitamininin digər əhəmiyyətli mənbəyi qidalardır. Bəzi qidaların tərkibində D vitamini təbii olaraq var (yağlı balıqlar, balıq yağı, yumurta sarısı və s.). Bəzi ölkələrdə süd və süd məhsulları, çörək, yağlar, taxıllar D vitamini ilə zənginləşdirilir. Ölkəmizdə hələ belə bir praktika yoxdur. D vitamini qida vasitəsilə alınan kalsium və fosforun bağırsaqlardan sorulmasını təmin edir. Bədəndə kalsium və fosfor tarazlığını təmin edir, sümük və əzələlərin sağlamlığı üçün çox xüsusi əəhəmiyyət daşıyır. İmmun sisteminə müsbət təsir göstərir. Hipertoniya, ürək xəstəlikləri, diabet, bəzi xərçəng və autoimmun xəstəliklərə qarşı qoruyucu təsirə malikdir. D vitamini əskikliyi 3 əsas səbəbdən qaynaqlanır: zəif günəş şüası ilə birlikdə qidalarla az miqdarda D vitamini alınması, D vitamininin bağırsaqdan zəif sorulması, qaraciyər və ya böyrək xəstəliyi olanlarda D vitamininin təsirli formaya çevrilə bilməməsi.
Metabolik sümük xəstəlikləri bunlarla məhdudlaşmayıb hipokalsemiya, hiperkalsemiya, hipo- və hipermaqnezemiya, -fosfatemiyalar, osteogenezis imperfekta, osteopetrozis, onkogenik osteomalyasiyaları kimi müxtəlif növ elektrolit pozuntuları da əhatə edir. Eyni zamanda, endokrinologiyanın vacib qolu olan qalxanabənzər ətraf vəzi xəstəlikləri də sümük metabolizmi ilə sıx bağlı olduğundan hipo- və hiperparatireoidizm, paratireoid adenomaları, psevdohipoparatireoidizmlər də bu sahə ilə məşğul olan həkimlərin diqqət mərkəzindədir. Xidmət sahəmizə aid olan hər növ metabolik sümük xəstəlikləri, qalxanabənzər ətraf vəzin problemləri, vitamin D əskikliyi, osteomalaziyalar, Paget xəstəliyi, müxtəlif növ osteoporozların tam diaqnostikası və müalicəsi protokollara uyğun şəkildə aparılır.

