Ana səhifə/Pediatrik endokrinologiya

Pediatrik endokrinologiya

Müasir dövrdə 18 yaşa qədər olan körpə, uşaq və yeniyetmələrin endokrinoloji problemləri uşaq endokrinologiyasının tədqiqat obyektidir. Eyni problemlər yetkin insanlarda olduğu kimi uşaq yaşlarında da rast gəlinir. Pediatrik endokrinologiyada müalicə edilən əsas xəstəlik və problemlər sırasında böyümə-inkişaf geriliyi, boy qısalıqları, iştahsızlıq, erkən və gecikmiş yetkinlik (pubertə), şəkər xəstəliyi (xüsusən,T1DM-tip 1 diabetes mellitus), piylənmə (obezitə), tireoid vəzi xəstəlikləri (hipo- və hipertireoidizmlər),böyrəküstü vəzin xəstəlikləri (anadangəlmə fermentopatiyalar-adrenal hiperplazi, adrenal çatışmazlıq, Kuşinq sindromu və s.), artıq tüklənmə (hirsutizm), aybaşı nizamının pozulması, kalsium və metabolik sümük xəstəlikləri (raxit, osteogenezis imperfekta, vitamin D çatışmazlığı, hipo-, hiperkalsemiyalar), hipofiz vəzi xəstəlikləri, cinsi inkişaf pozğunluqlarını (mikropenis, enməmiş xayalar, şübhəli genital quruluş və hermofroditizmlər) və s. saymaq olar. Eyni zamanda, Turner, Klinefelter, Kalmann və s. bu kimi müxtəlif bütün növ genetik sindromlar da uşaq endokrinologiyasının araşdırdığı xəstəliklər arasındadır.

Bütün növ endokrin xəstəliklərdə, xüsusən pediatrik praktikada lazım gələrsə xəstəliyin diaqnozu dinamik testlər vasitəsilə mütləq dəqiqləşdirilməlidir. Çünki, bir çox xəstəliklər ömürboyu nəzarət və müalicə tələb etdiyindən diaqnozun qoyulmasında xəta yolverilməzdir. Artıq bütün inkişaf etmiş ölkələrdə yenidoğulmuş körpələrdə anadangəlmə hipotireoidizm və kongenital adrenal hiperplaziya xəstəliklərinin vaxtında aşkarlanması üçün skrininq testləri tətbiq edilir. Mümkün fəsadlardan vaxtında qorunmaq, düzgün diaqnostika və müalicə olunmaq üçün endokrinoloq konsultasiyası çox vacibdir.

Həkimə ehtiyac var?