Polikistik yumurtalıq sindromu (PCOS) doğurqan yaşdakı qadınların böyük bir qismini(10-15% olması güman olunur) əhatə edən endokrin patologiyadır. İlk dəfə 1935-ci ildə Stein və Levental tərəfindən təsvir edilən patolgiyanın tam səbəbi elmə məlum olmasa da, hamilə qalmaq istəyən pasientlərin əsas problemi olaraq qalmaqdadır.
Günümüzdə PCOS sadəcə hirsutizmə (tüklənmə), sonsuzluğa səbəb olan xəstəlik kimi qalmayıb, 2- ci tip şəkərli diabet, metabolik sindrom, piylənmə və irəli zamanlarda yumurtalıq xərçənginə də yol açması mümkündür. PCOS qadın sonsuzluğunun təxminən 20% hallarda səbəbidir. PCOS-lu xəstələr hamilə qaldığında hamiləlik diabeti, hamiləlikdə hipertoniya, preeklampsiya, eklampsiya, erkən doğum kimi risklərlə qarşı-qarşıyadırlar. Ona görə bu xəstələr hamiləlikdən öncə həkimlər tərəfindən kilo verməyə motivasiya olunmalı, hamiləlik zamanı isə ginekoloq və endokrinoloq tərəfindən nəzarətdə saxlanılmalıdırlar.
Hamiləlikdə piylənmə günümüzün aktual məsələsidir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya görə hazırda hamilələrin 2-25% -i piylənmə xəstəliyindən əziyyət çəkməkdədir. Hamiləlikdə 11.5-16 kq civarında kilo alınması normal olaraq qəbul edilir. Genetik yaxınlıq, azhərəkətlilik, karbohidratların bol qəbulu hamiləni piylənmə xəstəsinə çevirərək bərabərində bəzi problemlər gətirir. Piylənmə xəstəliyi ana üçün trombemboliya, abort, gestasional diabet, hipertoniya ve sezaryanla doğum risklərini artırmaqla yanaşı, döl üçün genetik xəstəliklər, makrozomiya (iri döl), ana bətnində ölüm səbəbidir. Müalicədə hamiləlikdən əvvəl və doğum sonrası piylənmənin riskli olması anaya izah olunmalı, kilo verməyə həvəsləndirilməlidir.
Hamiləlik zamanı ana və döl arasında bir-birinə təsir edən geniş həcmli endokrin-metabolik dəyişikliklər hamiləliyin davamı, dölün inkişafı, böyüməsi, doğum və südəmizdirmə proseslərinə zəmin yaradır. Yadda saxlamaq lazımdır ki, hamiləlik xəstəlik deyildir, fizioloji bir prosesdir.
Ümumiyyətlə, çox çeşidli şəkillərdə qarşımıza çıxan müxtəlif endokrin patologiyalar göründüyü qədər çox sadə olmayıb, yalnız həkim mütəxəsis-endokrinoloqlar tərəfindən müalicə və kontrol edilməlidir. Ehtiyac olduğu zaman digər sahə həkimləri ilə məsləhətləşmələr edilərək sahələrarası yanaşma tətbiq edilməlidir. Bu, ana və uşaq ölümünün qarşısının alınması və sağlam genefondun qorunması baxımından çox vacibdir.