Zob ayrıca bir xəstəlik olmadığı üçün, əlamətləri və müalicələri ilə bir-birindən fərqlənən, bir çox sayda nomenkulaturanı özündə birləşdirən xəstəliklər qrupu, eyni zamanda tiroidologiyada vəzin böyüməsini ifadə edən bir simptom olaraq qəbul edilmişdir. Bu səbəbdən “zob xəstəsiyəm” demək biz həkimlər üçün yetərsiz bir anlayış olub diaqnozu dəqiqləşdirmək üçün araşdırma tələb edir. Qalxanabənzər vəzin iltihablarını və şişlərini bir kənara qoysaq zob xəstəlikləri üç ana qrupa bölünür. Bu qrupların özləri də alt qruplara bölünürlər.
Bunlar:
1.Qalxanabənzər vəzin az hormon sekresiya etdiyi vəziyyətlər; ən çox yayılmış hipotiroidizm xəstəliyi,qalxanabənzər vəzin anadangəlmə hipoplaziya və ya agneziyaları, tireoid vəzin əməliyyatdan sonra yaranan patalogiyaları, xüsusən, autoimmun tiroiditlərin (Haşimato xəstəliyi) əsasən növbəti mərhələlərində başlayan hipotiroidizm dediyimiz hallar və s. Ümumiyyətlə, qalxanabənzər vəzin xəstəlikləri bir çox ixtisas sahibi həkimlərin –endokrinoloq, cərrah, radiolq, patoloq və nuklear tibb mütəxəssislərinin məşğul olduğu patologiyalardır. Hipotiroidizm birbaşa və daha çox endokrinoloqların müalicə etdiyi xəstəliklərdir.Vəzin sekresiya etdiyi hormon az olduğu üçün orqanizmin yaşam tempi azalır,hərəkətlər ağırlaşır, duyğular kütləşir.Bu xəstələrə lazım olan hormon dərman şəklində ömürboyu verilərək müalicə edilir.
2.Hormon tarazlığı pozulmadan,buna eutiroid vəziyyət deyirik,yaranan aşağıdakı üç qrup xəstəliklər:
-Birincisi-qalxanvari vəzin bərabər,diffuz şəkildə tamamən böyüməsi (diffuz zob)
-İkincisi-qalxanvari vəzdə bir düyünün olması (solitar tiroid nodulu)
-Üçüncüsü-qalxanvari vəzdə çox sayda düyünlərin olduğu xəstəliklər (multiplnodulyar zob və ya tiroiditlər). Ümumiyyətlə, düyünlü zob (ur) – qalxanabənzər vəzidə müxtəlif morfoloji xarakteristikaya malik bütün ocaqlı törəmələri əhatə edən klinik anlayışdır. Qalxanabənzər vəzidə iki və daha çox düyünün olması ilə gedən hiperplaziyaları çoxdüyünlü(multinodulyar) zob hesab edirik.
3.Qalxanabənzər vəzin artıq hormon sekresiya etdiyi xəstəliklər. Bu qrupa toksiki zob da deyilir. Orqanizmdə artıq qalxanabənzər vəz hormonları olduğuna görə, orqanizmin iş tempi, metabolizm sürətlənir. Bu qrupda da 3 növ xəstəlik vardır:
I – vəzin tamamən böyüməsi (Basedov-Graves xəstəliyi)
II – vəzdə artıq hormon sekresiya edən tək bir düyünün olması (Toksik Adenom)
III – vəzdə çox sayda artıq hormon sekresiya edən düyünün olduğu xəstəliklər (Plummer xəstəliyi)
Bunlardan başqa tiroidologiyada sadəcə adını çəkməklə kifayətləndiyim qalxanabənzər vəzin iltihabi xəstəlikləri (kəskin və xroniki tiroiditlər, yarımkəskin limfositar və qranulamatoz (De-Quirvian), virus, bakterial – irinli infeksiyalara bağlı tiroiditlər, xroniki fibroz (Ridel tiroiditləri və s.) tiroiditlər, yatrogen, medikamentoz, konjenital, autoimmun (Haşimato tiroiditlləri və s.), infiltirativ – spesifik (amiloidoz, sarkaidoz, hemoxromotozis və s.), tranzitor (səssiz, postpartum tiroiditlər və s.) tiroiditlər, hipofiz – hipotalamus xəstəliklərinə bağlı sekundar və ya tərsiyər hipotirioidizm halları, parazitar kistalarını (exinokok kistaları və s.), onkoloji xəstəliklərini (bütün tiroid şişləri 95% halda xoş xassəli (adenom, kistlər və hiperplastik düyünlər), 5% halda isə bəd xassəli-papilyar (80%), follikulyar və ya Hürtle hüceyrəli xərçəng (14%), C-hüceyrəli-kalsitonin sekresiya edən medulyar (3%), anaplastik xərçəng (2%) və primer tireoid lenfoması, metastatik şişlər və s. (1%) şəklində təzahür edir və s. qeyd etmək olar.