Qalxanabənzər vəzin orqanizmdə əhəmiyyəti nədir?

Qalxanabənzər vəzi, ölçüsünün kiçik olmasına baxmayaraq, orqanizmin normal funksiyası üçün həyati əhəmiyyət daşıyan endokrin vəzidir. Bu vəz tərəfindən ifraz olunan hormonlar maddələr mübadiləsini tənzimləyir, ürək-damar sisteminin fəaliyyətinə, saç və dırnaqların strukturuna, psixoemosional vəziyyətə və ümumi həyat keyfiyyətinə mühüm təsir göstərir. Hormonların çatışmazlığı və ya artıqlığı kimi pozuntular halsızlıq, depressiyaya meyillilik, saç tökülməsi, dırnaq qırılması və s. kimi simptomlarla müşahidə oluna bilər.

Uşaqlarda qanda qlükozanın (şəkərin) normal səviyyəsi nə qədər olmalıdır?

Uşaqlarda qanda qlükozanın normal səviyyəsi adətən 3,3–5,5 mmol/L intervalında dəyişir. Qanda qlükoza səviyyəsi yaşa, qidalanma rejiminə və fiziki aktivliyə görə müəyyən qədər dəyişə bilər. Uşaqlarda normoqikemiyanın qorunması beyin funksiyası, enerji mübadiləsi və ümumi inkişaf üçün mühüm əhəmiyyət daşıyır. Əgər şəkər səviyyəsi normadan aşağı olarsa — hipoqlikemiya, yuxarı olarsa — hiperqlikemiya müşahidə olunur ki, bu hallar həm kəskin, həm də xroniki sağlamlıq problemlərinə yol aça bilər.

Artmış tərləmənin mümkün səbəbləri nələr ola bilər?

Tez-tez və səbəbsiz tərləmə müxtəlif xəstəliklərin əlaməti ola bilər. Bunun əsas səbəbləri arasında D vitamini çatışmazlığı, qalxanabənzər vəzin funksional pozğunluqları, xüsusilə hipo və hipertireoidizm, eləcə də sinir sisteminə aid pozuntular yer alır. Bəzi hallarda infeksion xəstəliklər, hipoqlikemiya və psixoloji amillər (məsələn, stres və ya panik atak) kimi hallarda tərləmənin artmasına səbəb ola bilər. Dəqiq səbəbin müəyyənləşdirilməsi üçün laborator və instrumental müayinələr aparılmalı, əldə olunan nəticələrə əsasən düzgün diaqnostik və müalicəvi yanaşma müəyyən edilməlidir.

Uşaqlarda gündəlik yod tələbatı nə qədərdir?

Yod qalxanabənzər vəzin hormonlarının sintezi üçün vacib elementdir və orqanizmdə böyümə, zehni inkişaf və maddələr mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır. Uşaqlarda yod çatışmazlığı zehni və fiziki inkişaf geriliyi, qalxanabənzər vəzin böyüməsi (quatr) və digər endokrin pozuntulara səbəb ola bilər. Buna görə də balanslı qidalanma və yodla zəngin qidaların (yodlu duz, dəniz məhsulları və s.) qəbulu mühüm əhəmiyyət daşıyır. Uşaqlarda gündəlik yod tələbatı  90-120 mkq olmalıdır

Şəkərli diabetdən əziyyət çəkən şəxslərdə görmə qabiliyyətinin itməsinə səbəb olan hansı risklər mövcuddur və bu prosesin qarşısını almaq mümkündürmü?

Şəkərli diabet gözün torlu qişasında zədələnməyə (diabetik retinopatiya) səbəb olaraq görmənin zəifləməsinə və hətta itirilməsinə gətirib çıxara bilər. Lakin düzgün müalicə, qan şəkərinin və digər göstəricilərin nəzarətdə saxlanması, həmçinin müntəzəm göz müayinələri ilə bu ağırlaşmaların qarşısını almaq mümkündür.

13 yaş, 3 aylıq oğlumun boyu qısadır, böyüməsi davam edəcəkmi?

Oğlunuzun sümük yaşı müəyyən edilməlidir. Əgər boy gerililiyi sümük inkişafına görə uyğunsuzdursa və böyümə hormonu çatışmazlığı aşkarlanarsa, uyğun müalicə tətbiq edilməlidir. Bu zaman onun boy artımı mümkündür.

Atamda qanda şəkər 138 mg/dl çıxıb və ağzında quruluq hiss edir. Bu normal haldırmı?

Atanızda qan şəkərinin hansı şəraitdə ölçüldüyü (acqarına və ya toxqarına) dəqiqləşdirilməlidir. Əgər bu nəticə acqarına götürülmüş damar qanından alınmışdırsa və təkrar analizdə də 126 mg/dl və yuxarı olarsa, bu şəkərli diabet diaqnozunu təsdiqləyir. Bu halda mütləq endokrinoloqa müraciət etmək vacibdir. Ağız quruluğunun isə səbəbləri müxtəlifdir, bir səbəbidə  qanda şəkərin yüksəlməsinə bağlı ola bilər.

Mən 19 həftəlik ekizlərə hamiləyəm, TSH səviyyəsi 0.409 mIU/L olaraq ölçüldü. Bu təhlükəlidirmi?

Hamiləlik zamanı, xüsusilə ilk və ikinci trimestrdə, hormonların təsiri ilə TSH səviyyəsi aşağı düşə bilər və bu fizioloji hal ola bilər. Lakin düzgün qiymətləndirmə üçün endokrinoloq tərəfindən əlavə müayinə və ultrasonoqrafik yoxlama aparılması vacibdir. Lazım gələrsə, müvafiq müalicə təyin edilə bilər.

Tez-tez baş ağrısı, göz qaralması və halsızlıq hallarının mümkün səbəbləri nə ola bilər?

 Bu simptomlar müxtəlif səbəblərdən yaranmış ola bilər və hər zaman ciddi xəstəlik əlaməti olmaya bilər. Lakin dəqiq diaqnoz üçün ətraflı tibbi müayinə, ehtiyac halında nevropatoloqun konsultasiyası vacibdir.

Həkim mən hardan bilərəm ki, məndə şəkərin miqdarı normadan artıqdır ya yox?

Qandakı şəkər səviyyəsinin normal olub-olmamasını dəqiq bilmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Həkim lazımi analizləri təyin edib nəticələri qiymətləndirəcək və sizə ən doğru məlumatı verəcək.

Demək olar ki, bütün günü ac oluram və əsasən şirniyyat yeməyə üstünlük verirəm. Onu yeməsəm iş görməkdə çətinlik çəkirəm. Son bir ildə çəkim çox artıb. Nə edə bilərəm?

Bu vəziyyətin səbəbləri müxtəlif ola bilər, məsələn, yanlış qidalanma vərdişləri, passiv həyat tərzi, stress, susuzluq, vitamin D çatışmazlığı, qalxanabənzər vəzin funksional pozğunluqları və s. Dəqiq diaqnoz üçün müvafiq analizlərin verilməsi və müayinədən keçmək vacibdir. Həkim müayinəsi nəticəsində uyğun müalicə və həyat tərzi dəyişiklikləri tövsiyə edilə bilər.

Həkimə sual verin

Suallar mümkün ən qısa zamanda cavablandırılır.

Həkimə ehtiyac var?