Ana səhifə Diabet Diabet xəstələri üçün idman nə qədər əhəmiyyətlidir?

Diabet xəstələri üçün idman nə qədər əhəmiyyətlidir?

Şəkərli diabetin müalicəsində: qidalanma rejimi, dərman müalicəsi  və idman (fiziki aktivlik) ayrılmaz triadadır. İdman ən azı qidalanma və dərman müalicəsi qədər vacibdir. Xüsusilə, tip 2 diabetli xəstələrdə fiziki aktivliyin artırılması, şəkərin hüceyrələr tərəfindən mənimsənilməsini sürətləndirir və qandakı şəkərin düşməsinə təsir edir.

 

İdmanın faydaları nələrdir?

– Qanda şəkərin səviyyəsini  və insulin ehtiyacını azaldır.
– Bədən çəkisinin və qan şəkərinizin azalmasına kömək edir.
– Ürək-damar sistemi üçün çox faydalıdır.
– Əzələləri və oynaqları qüvvətləndirir.
– Qandakı yağları (xolesterin, triqliserid) normada saxlamağa kömək edir.
– Özünüzü daha yaxşı hiss edirsiniz, özünüzə inam hissi artır.

 

Hansı idman növünün mənə faydalı ola biləcəyini necə bilərəm?

Bir idman proqramına başlamazdan əvvəl edəcəyiniz idmanın vaxt müddəti və tipi haqqında mütləq həkiminizlə məsləhətləşin. Əks təqdirdə özünüz də bilmədən bir ürək-damar xəstəliyiniz varsa idman zamanı ağırlaşa bilər. Əgər  diabet və ya başqa xəstəliklər səbəbi ilə problemlərimiz meydana gəlibsə, bəzi idman növləri Sizin üçün zərərli ola bilər. Diabetiniz kontroldadırsa və ağırlaşmalarınız yoxdursa, diabeti olmayan insanlar kimi hər cür fiziki aktivlik edə bilərsiniz. Lakin bu aktivliyin qanda şəkərinizə təsir edəcəyini unutmayın. Bu təsirin miqdarı idmanın dərəcəsinə və müddətinə bağlı olub şəxsdən şəxsə dəyişir.
İdmandan əvvəl qan şəkəriniz yaxşı  kontrol edilməlidir. Sidiyinizdə keton varsa və qanda şəkəriniz  250 mq/dl-dən yüksək olarsa idman etməyin. Belə halda insulinə ehtiyacınız artar. İnsulin çatışmazlığından asılı olaraq qaraciyəriniz kompensator olaraq bədəni enerji ilə təmin etmək üçün qan şəkərinizi artırmağa çalışacaq və yağların ketona çevrilməsinə bağlı olaraq  əzələləriniz şəkəri istədikləri kimi istifadə edə bilməyəcək. Bu halda əlavə  insulin  tələb olunduğundan qanda şəkərinizin normal hala gəlməsini və sidikdə ketonların yoxa çıxmasını gözləyin və bu dövrdə idman etməyin.

 

İdmana başlamazdan əvvəl nəyə diqqət etməliyəm?

İdmana başlamazdan əvvəl, idman vaxtı və sonra qanda şəkərinizi ölçün.
İdman vaxtı istifadə edəcəyiniz bölgəyə insulin inyeksiyası etməyin. Məsələn, velosipedə minəcəksizsə ayağınıza, üzəcəksinizsə qolunuza insulin vurmayın.
İdmandan sonra insulin daha tez sorularaq hipoqlisemiya yarada bilər. İdman mümkündürsə, yeməkdən sonrakı saatlar içində edilməlidir. Əgər yeməklərdən əvvəl ediləcəksə uyğun karbohidrat qəbul edilərək hipoqlisemiya riskinin qarşısını ala bilərsiniz.
İdmandan sonra əzələlərin insulinə həssaslığı artır. İdmandan sonra inyeksiya edilən insulinin təsiri daha tez başlayır və qanda şəkəriniz düşə bilər. Belə bir hal ilə qarşılaşsanız həkimə müraciət edin. İnsulin dozanız və ya vaxtının dəyişdirilməsi lazım gələ bilər.
Əgər bədən çəkinizi salmaq üçün idman edirsinizsə, idmandan əvvəl karbohidrat qəbul etmək əvəzinə idmandan əvvəl istifadə etdiyiniz insulin dozasını azalda bilərsiniz.

 

Şəkərli diabetdə idmanın faydaları nələrdir?

İdman, əzələlərin qlükozanı daha yaxşı istifadə etməsinə və hüceyrələrin insulinin təsirlərinə daha həssas vəziyyətə gəlməsinə kömək edərək qanda şəkəri aşağı salır.
Orta dərəcədə idman əgər çəki artıqlığı varsa kalori yandırılmasına kömək edərək çəki azalmasını təmin edir. Requlyar edildiyində lipid profilini  və yüksək qan təzyiqini düzəldərək ürək-damar xəstəliklərini yaxşılaşdırır. İdman stressin azalmasına kömək olur və şəxsin özünü yaxşı hiss etməsini təmin edir.
İdmandan sonra qanda şəkərinizi ölçmək çox vacibdir. Əgər normal və aşağıdırsa bir az daha artıq yemək yeməlisiniz. Unudulmamalıdır: ağır bir idmandan bir neçə saat sonra da hipoqlisemiya əmələ gələ bilər. Əgər idmanı günün sonunda etsəniz, gecə hipoqlisemiya əmələ gələ bilər. Bu halda gecə yatmazdan əvvəl mütləq ara yemək qəbul etmək lazımdır.

İdmandan sonra:
– Qanda şəkərinizi kontrol edin
– Bir az daha artıq yeyə bilərsiniz
– Gecə boyu ortaya çıxa bilən hipoqlisemiyadan çəkinin

 

Şəkərli diabetdə idman zamanı nələrə diqqət etmək lazımdır?

Uzun müddətli idman edəcəksinizsə daha az insulin qəbul etməyiniz və əlavə yemək yeməyiniz lazımdır. Bunu necə edəcəyinizi həkiminizdən soruşa bilərsiniz. Karbohidtrat ehtiyacını ödəmək üçün meyvə şirələri və ya yüngül şəkərli içkilər yaxşı alternativ ola bilər. Bunun sayəsində su ehtiyacınızı da qarşılaya biərsiniz.
– Yanınızda mütləq  bir qənd parçası  və ya meyvə şirəsi saxlayın.
– Yanınızda həmişə “Diabet xəstəsiyəm” kartınızı gəzdirin.
– Bir yerdə idman etdiyiniz dostlarınıza diabetiniz olduğunu deyin.
– Köməyə ehtiyacınız olduqda dostlarınıza nə etmələri gərəkdiyini izah edin (məsələn, Glukaqon vurmağı öyrədin)

 

Təhlükəsiz idman ilə əlaqədar diabetlilərə məsləhət:

– Hər hansı bir idman proqramına başlamadan əvvəl həkiminizlə görüşün.
– Məsləhət olunan sıxlıq həftədə 3-4 dəfə ən az 30 dəqiqədir.
– Hipoqlisemiyadan qaçmaq  üçün yanınızda şəkərli içki ya da 2-3 ədəd qənd parçası (15 qr karbohidrat – tərkibli) gəzdirin.
– Rahat,ayağınıza uyğun idman ayaqqabısı  və pambıq corab geyinin.
– Hipoqlisemiya baxımından ehtiyatlı olun.İdmanın əvvəlində  və 1 saatdan uzun davam  edərsə idman zamanı qanda şəkərinizi ölçün.
– İdman etdiyiniz hissəyə insulin inyeksiyası etməkdən çəkinin.
– Əgər sinədə ağrı ya da nəfəs daralması əmələ gəlirsə, həkiminizə xəbər verin.
– Hər zaman bol su için.

Paylaş: